REGİONLAR
Sumqayıtda “Şanlı Zəfər tariximiz” adlı ədəbi–bədii tədbir keçirilib
Sumqayıt, 4 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 8 Noyabr - Zəfər Günü münasibətilə “Şanlı Zəfər tariximiz” adlı ədəbi–bədii tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, İdrak Liseyinin təşkil etdiyi tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin foyesində rəsm sərgisinə baxış olub.
Liseyin təsisçisi, professor Mövsüm Alışev, şəhid İzzət Həmidovun anası Vəfa xanım, deputat Müşfiq Məmmədli, Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi Ağadadaş Ağayev bayram münasibətilə təbriklərini çatdırıblar. Qeyd edilib ki, 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Zəfər Paradının Xankəndində keçirilməsi isə xalqımızın qüdrətini, Ordumuzun rəşadət və hünərini bir daha dünyaya nümayiş etdirib.
Sonra aralarında şəhid övladlarının da olduğu lisey şagirdləri Zəfər tariximizin xronologiyasını əhatə edən səhnələr göstəriblər.
Noyabrın 8-də Şuşa şəhərində həlak olan şəhid Səbuhi Həsənquliyevin anası Maisə xanımın müəllifi olduğu “Zəfər” poemasını oxuması tədbir iştirakçılarında duyğulu anlar yaşadıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad olunması haqqında xalqa müraciəti bir daha təqdim edilib.
Tədbir Liseyin Xor kollektivinin ifası ilə yekunlaşıb.
Qeyd edək ki, Liseydə oxuyan 36 şagird şəhid övladıdır. Onların təhsil haqqını “YAŞAT” Fondu və Lisey qarşılayır.