SURAXANI RAYONU QADINLARININ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 27-də paytaxtın Suraxanı rayonu qadınlarının konfransı keçirilmişdir.
Rayon “Sevil” Qadınlar Cəmiyyətinin sədri Rahidə İsmixanova tədbiri açaraq, rayonun ictimai-siyasi həyatında qadınların rolu, onların üzləşdiyi problemlər və bu sahədə görülən işlər barədə məlumat vermişdir.
Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadınların cəmiyyətdəki rolundan, rəhbərlik etdiyi qurumun gördüyü işlərdən danışmışdır.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi uğurlarda qadınların xüsusi rol oynadıqlarını qeyd etmişdir. Elm, təhsil və səhiyyə sahələrindəki nailiyyətləri ilə dünyada şöhrət qazanmış görkəmli oftalmoloq alim Zərifə xanım Əliyeva, professor Adilə xanım Namazova, şərqşünas alim Aida xanım İmanquliyeva və başqalarının Azərbaycan qadınının adını ucaltdığını xatırlatmışdır.
O, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətinin bütün qadınlara nümunə olduğunu xüsusi vurğulamışdır.
Bildirilmişdir ki, Suraxanı rayonu əhalisinin yarıdan çoxunu - 92 min nəfərini qadınlar təşkil edir. Onların 22 mindən çoxu əmək fəaliyyəti ilə məşğuldur, 110 qadın rayonda rəhbər işdə çalışır.
Konfransın sonunda Azərbaycan qadınlarının III qurultayına nümayəndələr seçilmişdir.