Şuşa ilə bağlı yeni sayt fəaliyyətə başlayıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində yeni sayt fəaliyyətə başlayıb.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən loveshusha.com saytında layihə çərçivəsində görülən işlər, Şuşanın tarixi, şəhərdə həyata keçirilən layihələrlə bağlı məlumatlar yerləşdirilir. Saytın “Mədəniyyət” bölməsində Şuşada keçirilən mədəni tədbirlərlə bağlı geniş məlumatlar, “Qalereya” bölməsində Şuşanın bu günü ilə bağlı foto və videolar dərc olunur. Elektron nəşrdə tanınmış şuşalılardan müsahibələrə, Şuşa sakinlərinin xatirələrinə də yer ayrılır.
Bundan başqa, işğal zamanı Şuşa sakinlərinin Şuşadan çıxardığı mənəvi dəyəri olan əşyalarla da bağlı foto və yazılı məlumatların saytda yerləşdirilməsi nəzərdə tutulur. Qeyd edək ki, saytın fəaliyyəti layihə bitdikdən sonra təşkilatın əməkdaşları və könüllülər tərəfindən davam etdiriləcək.