TACİKİSTAN PREZİDENTİ EMOMƏLİ RƏHMONOVUN BƏYANATI
-Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri. İlk növbədə, mən dostlarımızı - dost Azərbaycanın Prezidenti, əziz dostum İlham Əliyevi və onu müşayiət edən nümayəndə heyətini Tacikistan hökuməti və xalqı adından hərarətlə salamlamaq istəyirəm.
Azərbaycan dövləti başçısının Tacikistana ilk rəsmi səfəri iki ölkənin rəhbərliyinin möhkəm çoxəsrlik ənənələri olan ölkələrimiz və xalqlarımız arasında münasibətlərə yeni təkan verməyə qarşılıqlı surətdə səy göstərdiyinə sübutdur.
Bu ənənələrdən danışarkən, ilk növbədə, Azərbaycanın böyük oğlu, həm də tacik və fars ədəbiyyatının klassiki sayılan, poeziya dühaları sırasına daxil olan Nizami Gəncəvini nəzərdə tuturam. Tacik xalqı diyarımızın tərəqqisinə, Tacikistanda elmin, təhsilin, mədəniyyətin inkişafına sanballı töhfə vermiş Azərbaycan xalqının şanlı nümayəndələrinin adlarını heç zaman unutmayacaqdır.
Aparılmış danışıqların yekunları barədə demək istəyirəm ki, danışıqlar konstruktivlik və qarşılıqlı hörmət şəraitində, qarşılıqlı anlaşma və mövcud zəngin potensialdan əməkdaşlıq üçün istifadə edilməsinə maraq göstərilməsi ruhunda keçmişdir.
Səfər iki dövlətin uzunmüddətli əməkdaşlığı üçün hüquqi baza olacaq sənədlərin sanballı paketini hazırlamış nümayəndələrimizin gərgin işinə, əslində, nöqtə qoymağa imkan verəcəkdir.
Bunların sırasında mən geniş əhatəli sənədi - Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilənin imzalanması faktını xüsusi vurğulamaq istəyirəm. Deyə bilərik ki, bu müqavilənin imzalanması ilə münasibətlərimiz beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normalarına əsaslanan keyfiyyətcə yeni səviyyəyə çıxmışdır. Tərəflər ölkələrimiz arasında çoxşaxəli əməkdaşlıq yaratmaq arzusunu ifadə etmişdir və zənnimcə, indi bundan ötrü bütün zəruri ilkin zəmin var və olduqca əlverişli şərait yaradılmışdır.
Biz yaxın gələcəkdə qarşılıqlı fəaliyyət mexanizmini formalaşdırmağı nəzərdə tuturuq və münasibətlərin müqavilə-hüquq bazasını təkmilləşdirmək üzərində işi daimi əsasda davam etdirmək barədə razılığa gəldik. Biz aktual regional və beynəlxalq problemləri müzakirə etdik, fəaliyyətin, o cümlədən həm Tacikistanın, həm də Azərbaycanın daxil olduqları beynəlxalq təşkilatlar çərçivəsində mövqelərin əlaqələndirilməsi məqsədi ilə siyasi əlaqələri davam etdirməyi qərara aldıq.
Biz Mərkəzi Asiyada və Qafqazda cərəyan edən proseslər haqqında fikir mübadiləsi apardıq. Dövlətlər arasında bütün mübahisələrin dincliklə həllinin qəti tərəfdarı olan Tacikistan Dağlıq Qarabağ münaqişəsinin tərəflər arasında danışıqların bərpasını alqışlayır və bunu dünyanın bu çox mühüm regionunda sülhün və sabitliyin möhkəmlənməsi üçün yeganə vasitə sayır.
Tacikistan tərəfi aparılmış danışıqları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin rəsmi səfərinin birinci günü çox səmərəli olmuşdur. Mən ona, habelə Azərbaycan nümayəndə heyətinin bütün üzvlərinə ölkəmizə səfərin xoş keçməsini və ikitərəfli münasibətlərimizin möhkəmlənməsi naminə yeni-yeni uğurlar arzulayıram.
İndi isə İlham Heydəroviçdən səfərdən aldığı təəssüratını bizimlə bölüşməyi böyük məmnunluqla xahiş edirəm. Buyurun.