RƏSMİ XRONİKA
TACİKİSTAN PREZİDENTİ EMOMƏLİ RƏHMONOVUN NİTQİ
-Hörmətli İlham Heydəroviç!
Əziz dostlar!
İcazə verin, əziz dostlarımızı bir daha salamlayım. Biz toplanmış təcrübəni, ölkələrimizin və bir-birinə rəğbət hissləri bəsləyən xalqlarımızın qarşılıqlı münasibətlərini dəyərli hesab edirik və bunları gələcək nəsillər üçün qoruyub saxlamaq və artırmaq əzmindəyik. Sevindirici haldır ki, indi, ölkələrimizin müstəqil inkişafının yeni şəraitində xoş ənənələr - xalqlarımız arasında dostluq, qarşılıqlı rəğbət və etimad ənənələri öz əhəmiyyətini itirməyib və keyfiyyətcə yeni zəmində məntiqi davamı var.
Müstəqil inkişafın 15 ildən artıq dövrü ərzində qarşılıqlı əlaqələr sahəsində qiymətli təcrübə toplanmışdır. Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, iki ölkənin əməkdaşlıq sahələrinin genişlənməsi və dərinləşməsi üçün Tacikistan bundan sonra da bütün zəruri səyləri göstərəcəkdir.
İndi hamı münasibətlərimizin bütün kompleksinin müzakirə edilməsinə maraq göstərir. İmzalanmış ikitərəfli sənədlər paketi, ilk növbədə, Dostluq və əməkdaşlıq haqqında dövlətlərarası müqavilə Tacikistan-Azərbaycan münasibətlərinin ardıcıl inkişafı üçün yaxşı perspektiv yaradır. Əminəm ki, keçirilmiş görüşlər və aparılmış danışıqlar birgə qarşılıqlı əlaqələrimizə güclü təkan verəcək və faydalı əməkdaşlıq üçün geniş imkanlar açacaqdır.
Əziz dostlar, mənim əziz dostum, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydəroviç Əliyevin və bütün əziz dostlarımızın sağlığına böyük məmnuniyyətlə badə qaldırmaqğı təklif etmək istərdim. Tacikistan ilə Azərbaycan arasında dostluq, qarşılıqlı surətdə faydalı əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin inkişafı və dərinləşməsi şərəfinə, ölkələrimizin və xalqlarımızın əmin-amanlığı, tərəqqisi və firavanlığı şərəfinə!