Tacikistanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
Düşənbə, 19 yanvar, AZƏRTAC
Azərbaycanın Tacikistandakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi təşkil edilib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 20 Yanvar hadisələri ilə əlaqədar rus və ingilis dillərində sənədli filmlər göstərilib.
Azərbaycanın Tacikistandakı səfir Abbasəli Həsənov 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, bu hadisələrin əsas təşkilatçısı və günahkarı SSRİ-nin o zamankı rəhbəri Mixail Qorbaçov olub. Siyasi analitiklər hesab edirlər ki, 20 Yanvar hadisələri SSRİ-nin dağılmasını sürətləndirən əsas hadisələrdən biri olub. Dövlətin öz xalqına qarşı həyata keçirdiyi planlaşdırılmış terror aktı olan 20 Yanvar hadisələri ilə sovet ordusu öz xalqı qarşısında etibarını itirmişdi.
Səfir bildirib ki, 1988-ci ildə M.Qorbaçovun qarşısında Dağlıq Qarabağın Ermənistana verilməsi kimi böyük bir plan olub. Bunun üçün ilk növbədə keçmiş SSRİ-nin rəhbərlərindən biri olan Heydər Əliyev rəhbərlikdən uzaqlaşdırılmışdı. 1987-1988-ci illərdə Ermənistan SSR-də yaşayan azərbaycanlılar öz doğma torpaqlarından qovulmuşdu. 1989-cu il dekabr ayının 1-də Ermənistan SSR Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etmişdi. Kremlin bu siyasəti isə Azərbaycan xalqının hiddətinə səbəb olmuşdu. Mərkəzi hakimiyyət dövlətin siyasətinə qarşı çıxan erməniləri cəzalandırmaq əvəzinə, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşunlarını Bakı şəhərinə yeridərək xalqın azadlıq əzmini sındırmaq üçün dinc əhaliyə divan tutdu, adamlar həlak oldu, qocalara, qadınlara, uşaqlara aman verilmədi.
Bildirilib ki, 20 Yanvar hadisələrinə tam dolğun hüquqi-siyasi qiymət 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi və 1994-cü ildə istintaq qrupu yaradılaraq günahkarlar müəyyən olundu. Heydər Əliyev bu hadisələrlə bağlı ilk etiraz səsini ucaldanlardan biri oldu. 1990-cı ildə ona göstərilən təzyiqlərə baxmayaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək öz etiraz səsini ucaltdı.
Səfir deyib ki, Azərbaycan xalqı bu istiqamətdə öz düzgün qərarını 1993-cü ildə verib və ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət edib. Ulu Öndər siyasi hakimiyyətə qayıtdıqdan sonra müstəqil, güclü Azərbaycan dövlətinin inkişaf strategiyasının əsasını işləyib hazırlayıb və həyata keçirib. Bu gün güclü Azərbaycan dövlətinin başında Ulu Öndərin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev durur və bu strategiyanı böyük cəsarət və müdrikliklə davam etdirir.
Tədbirdə Tacikistanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Tacikistan Ali Məclisinin deputatları, Xarici İşlər Nazirliyinin əməkdaşları, ictimaiyyət və mədəniyyət nümayəndələri, Tacikistanda müvəqqəti yaşayan azərbaycanlı iş adamları, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə