RƏSMİ XRONİKA
TACİKİSTANIN MİLLİ TARİX MUZEYİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Düşənbədə Milli Tarix Muzeyi ilə tanış olmuşdur.
Prezident İlham Əliyevi muzeyin direktoru Saidmurad Bobolulloev böyük hörmət və ehtiramla qarşıladı, muzeyi ziyarət etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, dedi ki, qədim dövlətçilik ənənələrinə malik Tacikistanın tarixini əks etdirən muzeydə 10 mindən çox arxeoloji eksponat, geyim dəstləri, məişət əşyaları, kənd təsərrüfatı alətləri və s. toplanmışdır. 2001-ci ildə yaradılmış muzeydə ölkənin bütün regionlarından gətirilmiş eksponatlar 22 bölmədə nümayiş etdirilir.
Prezident İlham Əliyev muzeyi gəzdi və ayrı-ayrı bölmələrlə tanış oldu.
Dövlətimizin başçısı muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Prezident İlham Əliyevə muzeyin xüsusi albomu hədiyyə olundu.