Tanınmış azərbaycanlı skripkaçının Fransada və Böyük Britaniyada konsertləri olacaqdır VİDEO
Bakı, 6 fevral (AZƏRTAC). Tanınmış azərbaycanlı skripkaçı Nəzrin Rəşidovanın fevral və mart aylarında Fransada və Böyük Britaniyada çıxışları nəzərdə tutulmuşdur.
AZƏRTAC musiqiçinin rəsmi saytına istinadla xəbər verir ki, Nəzrin Rəşidova fevralın 24-də Fransanın Paris şəhərində Müqəddəs Rox Kilsəsində, ayın 26-da isə Londonda “St. John’s Smith Square” məkanında çıxış edəcəkdir. Bu çıxışlar Xocalı faciəsi qurbanlarının xatirəsini anma münasibətilə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunmuş mərasimdə baş tutacaqdır.
Nəzrin Rəşidova martın 12-də isə Londonun “King’s Place” məkanında “Arzular” diskini təqdim edəcəkdir. Azərbaycanlı skripkaçının məşhur gitaraçı Stanislav Hvartçilkov ilə əməkdaşlığının debütü olan bu albomda XX əsr Azərbaycan mahnı klassiklərinin əsərləri toplanmışdır.