İDMAN
Tanınmış dağçının xatirəsinə həsr olunmuş turnirdə 40-dan çox idmançı mübarizə aparmışdır
Bakı, 8 oktyabr (AZƏRTAC). “Climbaku” İdman Dırmanması Mərkəzində mərhum Azərbaycan dağçısı Akif Rüstəmovun xatirəsinə həsr olunmuş turnir uğurla başa çatmışdır.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə keçirilən turnirin açılışında Akif Rüstəmovun yaxın dostu olmuş, “Zirvə” idman klubunun rəhbəri Mövlud Əzizov tanınmış dağçı haqqında xatirələrini bölüşmüşdür.
FAİREX-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə idmançılara yarışın qaydaları barədə məlumat verilmişdir. Sonra A.Rüstəmovun xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və turnirə start verilmişdir.
Sürət və çətinlik mərhələləri üzrə yarışlarda 40-dan artıq idmançı mübarizə aparmışdır. Hər iki mərhələdə Könül Hüseynova (“Meteor”) və Çingiz Tağızadə (“Ekosport”) birinci yerləri tutmuşlar.