CƏMİYYƏT
TARİF \QİYMƏT/ ŞURASININ İLK İCLASI KEÇİRİLMİŞDİR
Iqtisadi İnkişaf Nazirliyində Azərbaycan Respublikası Tarif \qiymət\ Şurasının ilk iclası keçirilmişdir. İclasda iqtisadi inkişaf, ədliyyə, yanacaq və energetika, rabitə nazirlikləri, gömrük və statistika komitələri, “Azərbaycan Hava Yolları” Dövlət Konserni, Dövlət Dəmir Yolu, Xəzər Dəniz Gəmiçiliyi və Bakı metropoliteninin nümayəndələrindən ibarət Şura üzvləri iştirak etmişlər.
Gündəliyə Katibliyin və işçi qruplarının yaradılması, Şurada məsələlərə baxılması qaydaları, tarif \qiymət/ məsələləri ilə bağlı normativ sənədlərin - “Qiymət siyasəti haqqında” Azərbaycan Respublikası Qanunu, “Təbii inhisar subyektlərinin məhsullarının (xidmətlərinin) qiymətlərinin (tariflərinin) formalaşması və tənzimlənməsinin aparılması qaydaları”, “Bəzi xidmətlərin (məhsulların) tariflərinin (qiymətlərinin) dövlət tənzimlənməsinin aparılması qaydaları” layihələrinin müzakirəsi daxil idi.
Tarif \qiymət\ Şurasının sədri, iqtisadi inkişaf naziri Fərhad Əliyev Şuranın yaradılması zərurəti, qarşıda duran vəzifələr, yaxın dövrdə və perspektivdə görüləcək işlər barədə geniş məlumat vermiş, Şura üzvlərini tarif \qiymət\ sahəsində mövcud olan problemlərin həllində yaxından iştirak etməyə çağırmış, Katibliyin fəaliyyəti ilə bağlı fikirlərini bildirmişdir.
Şuranın Katibliyində neft və qaz məhsullarının qiymətləri, elektrik enerjisinin topdan və pərakəndə satış tarifləri, gömrük rüsumları, təhsil, səhiyyə və əlaqəli sahələr üzrə xidmətlər, hüquq-mühafizə, ekologiya, təbii sərvətlər və kənd təsərrüfatı ilə bağlı xidmətlər, nəqliyyat, rabitə, kommunal xidmətləri, inventarlaşdırma, icarə, qiymətləndirmə və əlaqəli texniki sahələr, patent, məlumat-informasiya və reklam xidmətləri üzrə işçi qruplarının yaradılması məqsədəuyğun sayılmışdır.
Müzakirəyə çıxarılmış normativ-hüquqi sənədlərin layihələrinə dair qeyd və təkliflərin tezliklə Şuraya təqdim olunması qərara alınmışdır.
İqtisadi İnkişaf Nazirliyinin
mətbuat xidməti