Tarix Muzeyinin yeni kataloqu: Azərbaycanın orta əsr basmanaxışlı küpləri
Bakı, 28 fevral, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycanın orta əsr basmanaxışlı küpləri” adlı kataloqu nəşr olunub.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, kataloqun elmi məsləhətçisi muzeyin direktoru akademik Nailə Vəlixanlı, elmi redaktoru tarix elmləri doktoru Tarix Dostiyev, mətnin müəllifi tarix üzrə fəlsəfə doktoru Aida İsmayılovadır.
Nəşrdə muzeyin arxeoloji kolleksiyasında yer alan orta əsrlərə aid saxsı məmulatları- üzərinə basma üsulu ilə mürəkkəb kompozisiyalar, əsasən heyvan və bitki təsvirləri həkk edilmiş küp nümunələri və onların fraqmentləri təqdim olunur. Həmin təqdim olunan küplər Mingəçevir, Gəncə və Beyləqan ərazisindən aşkar edilən XII-XIII əsrlərə aid tapıntılardır.
Arxeoloji materiallar bu və ya digər dərəcədə təmsil etdikləri dövrün sosial-iqtisadi həyatı, mədəni-ticarət əlaqələri ilə bərabər, incəsənəti, insanların dini-fəlsəfi dünyagörüşü, bədii təfəkkürü haqqında məlumatların daşıyıcısıdır. Bu mənada küplərin üzərində olan antropomorf, zoomorf təsvirlər həm diqqəti cəlb edir, həm də o dövrün dulusçularının, əhalisinin bədii-estetik zövqü, dünyagörüşü haqqında müəyyən təsəvvürlər yaradır. Bundan əlavə, tariximizin bir parçası olan bu arxeoloji materialların təbliği, geniş oxucu kütləsinə tanıdılması da olduqca vacib məsələlərdəndir.
Maddi mədəniyyət nümunələrinin kataloq şəklində ərsəyə gətirilməsi tədqiqatçılar üçün də mənbə rolunu oynayır.