TARİX TƏKRARLANACAQMI?
AZƏRTAC xəbər verir ki, aprelin 22-23-də və 29-30-da “Liverpul” (İngiltərə)-“Çelsi” (İngiltərə) və “Barselona” (İspaniya)-“Mançester Yunayted” (İngiltərə) komandaları arasında futbol üzrə Çempionlar liqası turnirinin yarımfinal oyunları keçiriləcəkdir.
Bu turnirin keçənilki yarımfinalında iki oyunun nəticəsinə əsasən “Mançester Yunayted”i (1:2, 3:0) məğlubiyyətə uğradan “Milan” finalda da “Liverpul”u 2:1 hesabı ilə udaraq turnirin qalibi olmuşdu.
“Barselona” “Milan”ın zəfər yolunu təkrar edə biləcəkmi? Hər halda, mütəxəssislərin fikrincə, “Barselona” və “Mançester Yunayted” arasındakı görüşlər daha maraqlı və gərgin idman mübarizəsi şəraitində keçməlidir. Çünki hər iki klub hücuma meyilli oyun nümayiş etdirir və müdafiəyə bir o qədər də fikir vermirlər. Hərçənd, “Barselona”nın əvvəlki illərə nisbətən bu il daha zəif oynadığını da qeyd etmək lazımdır.
Xatırladaq ki, Çempionlar liqasının 1998-1999-cu il turnirində eyni qrupa düşmüş bu komandalar arasında oyunlar 2:2 və 3:3 hesabı ilə heç-heçə başa çatmışdır.
“Liverpul”-“Çelsi” qarşılaşmasında isə mənəvi üstünlük birincilərin tərəfindədir. Çünki Çempionlar liqasının 2005-ci (0:0, 1:0) və 2007-ci (0:1, 1:0, onbir metrliklə 4:1) il turnirlərinin pley-off mərhələsində “Liverpul” iki dəfə əzəli rəqiblərinə qalib gələ bilmişdi. Bu komandaların xatırladılan görüşlərində qapılara cəmi 3 top vurulmuşdu. Yəqin ki, komandaların hazırkı görüşündə də müdafiə hücumdan üstün olacaqdır. “Çelsi” tarixində ilk dəfə olaraq turnirin finalına çıxa biləcəkmi? Yoxsa “Liverpul” son 4 ildə üçüncü dəfə finala yüksələcəkdir?