Tariximizə yazılan qəhrəmanlıq səhifəsi
Bakı, 6 noyabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 8 Noyabr - Zəfər Günü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə institutun kollektivi Fəxri xiyabana gedərək, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüb.
İkinci Fəxri xiyabanda şəhidlərin xatirəsi anılıb, məzarları üzərinə gül düzülüb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbir Aİİ-nin III kurs tələbəsi Murad Kərəmovun təqdimatında şəhidlərimizin əziz xatirəsinə Qurani-Kərimin tilavəti ilə başlayıb.
Aİİ-nin rektoru Aqil Şirinov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində böyük Zəfərimizin qazanılmasında misilsiz qəhrəmanlıq göstərdiyini vurğulayıb.
A.Şirinov tarixi Qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən danışıb. O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz təmin olundu.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Zəfər Gününün əhəmiyyətini qeyd edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun tariximizə qəhrəmanlıq səhifələri yazdığını bildirib.
Tədbirdə Vətən müharibəsi iştirakçıları Xanlar Məmmədəliyev, Amil Əbilov, Ayaz Allahverdiyev keçdikləri döyüş yolundan, tibb bacısı Zalxa Təhləyeva Vətən müharibəsi zamanı şahidi olduğu hadisələrdən danışıblar.
Sonra Aİİ-nin şəhid ailə üzvləri olan tələbələri Aytac Mustafalı və İdris Quliyev çıxış ediblər. Tədbirdə videoçarx nümayiş olunub, Vətən müharibəsi iştirakçılarına təşəkkürnamələr təqdim edilib.