TAXIL BİÇİNİ SÜRƏTLƏNİR
Naxçıvan, 1 iyul (AZƏRTAC). Cari ildə Naxçıvan Muxtar Respublikasında 33 min 592,5 hektar sahənin taxılı biçilməlidir.
Yazın ilk günlərindən havaların yağmurlu keçməsi sahələrdə bol məhsulun yetişdirilməsi üçün əlverişli şərait yaratmışdır. Biçiləcək sahələrin 28 min 294 hektarını buğda, 5 min 298,5 hektarını isə arpa əkinləri təşkil edir.
Muxtar respublikada əhalinin daxili istehsal hesabına ərzaq buğdası ilə təmin olunması məsələsi keçən ildən başlayaraq müvəffəqiyyətlə həll edilmişdir. Muxtar respublikada buğdaya illik tələbat 67 min ton olduğu halda, keçən il 74 min 667 ton məhsul istehsal edilmişdir. Beləliklə, muxtar respublika nəinki öz daxili tələbatını təmin edir, habelə tələbatdan artıq olan buğdanı ixrac etmək imkanı da qazanır.
Cari ildə də buğda istehsalının çox olacağı gözlənilir. Artıq bir neçə gündür ki, muxtar respublikanın əksər rayonlarında taxıl biçininə başlanmışdır. Birinci olaraq bu işə Ordubad rayonunda start verilmişdir. Qısa müddətdə 975 hektar sahənin taxılı biçilmişdir. Bunun 719 hektarı buğda, 256 hektarı isə arpadır. Sahələrdə 5 kombayn işləyir. Hektarın məhsuldarlığı 26,3 sentner təşkil edir.
Kəngərli rayonunda da biçin sürətlə davam edir. Sahələrdə 12 kombayn işləyir. İyunun 30-dək 1.028 hektar sahənin taxılı biçilmişdir. Onun 688 hektarı buğda, 340 hektarı isə arpadır. Buğda sahələrində məhsuldarlıq 29 sentner, arpanın məhsuldarlığı isə 27 sentner təşkil edir.
Muxtar respublikanın ən böyük taxılçılıq rayonu olan Babəkdə indiyədək 990 hektar sahədə biçin aparılmışdır. Hər hektarın məhsuldarlığı 24,9 sentner təşkil edir.
Dağlıq rayon olan Culfada da taxıl biçini gündən-günə sürət götürür. Biçin başlanandan bəri 753 hektar sahənin taxılı biçilmişdir. Sahələrdə 15 kombayn işləyir.
Şərur və Sədərək rayonlarında isə biçin yenicə başlayır. Şahbuz rayonunda da bu günlərdə biçin kampaniyası start götürəcəkdir.