MƏDƏNİYYƏT
TBİLİSİ AZƏRBAYCAN TEATRI: İIK İMTAHAN, İLK UĞUR
Gürcüstan paytaxtının mədəni həyatında diqqətəlayiq hadisə baş vermişdir: Şota Rustaveli adına Gürcüstan Dövlət Teatr İnstitutunda təhsil alan azərbaycanlı tələbələr institutun Dimitri Aleksidze adına tədris teatrının səhnəsində “Subaylar” vodevilini tamaşaya qoymuşlar.
Tamaşanın rejissoru, Azərbaycan dilini öz ana dili kimi gözəl bilən Anzor Dolencaşvili AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir:
- Əvvəla, deyim ki, mən Azərbaycan mədəniyyəti və incəsənətinin pərəstişkarıyam. Çox böyük qürur hissi duyuram ki, sizin neçə-neçə görkəmli mədəniyyət və incəsənət xadimi böyük yaradıcılıq aləminə vəsiqəni burada, Tbilisidə almışdır. Burada Azərbaycan teatrının tarixi hələ xıx əsrdən başlanmış və Cənubi Qafqazda böyük şöhrət qazanmışdı. Təəssüf ki, o, ötən əsrin 40-ci illərində bəzi səbəblərə görə teatr fəaliyyətini dayandırmışdır. Lakin prezidentimiz Eduard Şevardnadze 1998-ci il avqustun 25-də Tbilisi Azərbaycan teatrının bərpa olunması haqqında fərman vermişdir. Biz də bu fərmanın üçillik yubileyini ilk tamaşamızı göstərməklə qeyd etməyi qərara aldıq. Doğrudur, bundan bir müddət öncə Marneuli şəhərində və rayonun kəndlərində bir neçə tamaşa göstərmişdik.
Rejissor rolları ifa etmiş tələbə-aktyorlardan Rəhilə Hüseynovaya, Turqay Vəlizadəyə, Namiq Hacıyevə, Elza Qasımovaya, Şeyla Şamoyevaya və Mənzər Sadıqovaya xüsusi ümid bəslədiyini vurğuladı və bildirdi ki, truppa yaxın vaxtlarda Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Saqareco, Telavi, laqodexi rayonlarında və Rustavi şəhərində tamaşalar göstərəcəkdir.
Ertəsi günü Tbilisidəki Azərbaycan mədəniyyəti mərkəzində tamaşanın müzakirəsi keçirildi. Müzakirələrdə professor Valeh Hacıyev, yazıçı-jurnaist Məmməd Gülməmmədov, rejissor Anzor Dolencaşvili və başqaları çıxış edərək, tamaşa haqqında fikirlərini söylədilər və prezidentlər Heydər Əliyevə və Eduard Şevardnadzeyə Tbilisi Azərbaycan teatrına göstərdikləri qayğı və diqqətə görə dərin minnətdarlıqlarını bildirdilər.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi