TBİLİSİDƏ 7-Cİ BEYNƏLXALQ SƏRGİ AÇILMIŞDIR
Sərgidə Azərbaycan “Azərsun Holdinq” şirkəti ilə təmsil olunmuşdur. Şirkətin nümayəndəsi Kazım Babayev jurnalistlərlə söhbətində bildirdi ki, sərgidə iştirakdan məqsəd çay, şəkər, yağ, konserv və s. məhsulların, ümumiyyətlə, Azərbaycan yeyinti məhsullarının yüksək keyfiyyətdə olduğuna əminlik yaratmaqdır. O xatırlatdı ki, “Azərsun Holdinq” mayın 25-28-də Moskvada IV Ümumdünya çay və qəhvə festivalında iştirak etmişdir. Ötən il olduğu kimi, bu dəfə də şirkətin məhsullarının keyfiyyəti yüksək qiymətləndirildi və medalların əksəriyyətinə layiq görüldü. Şirkətin çay məhsulları 1 Qran-pri, 4 qızıl, 2 gümüş, 1 bürünc medal qazandı.
Kazım Babayev Azərbaycan iqtisadiyyatının inkişaf sürətinə görə liderlər sırasına çıxdığını və bunun məhz Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin bəhrəsi olduğunu vurğuladı. O bildirdi ki, məhz dövlətimizin başçısının iqtisadiyyatın bütün sahələrinin inkişafına və əhalinin rifahının yüksəlməsinə qayğısı sayəsində ölkəmizdə hər il yeni-yeni istehsal müəssisələri açılır.
Qeyd edək ki, sərgi mərkəzində ən böyük stend Azərbaycan üçün ayrılmışdır.