“TEATR KRALİÇASI” KİTABININ TƏQDİMATI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino evində rejissor, jurnalist Rafiq Rəhimlinin “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Milli Məclisin deputatı, Bakı Bələdiyyə Teatrının direktoru və bədii rəhbəri, sənətşünaslıq namizədi, professor, xalq artisti, Dövlət mükafatları laureatı Amaliya Pənahovanın həyat və yaradıcılığından bəhs edən “Teatr kraliçası” kitabının təqdimat mərasimi keçirilmişdir.
“Adiloğlu” nəşriyyatı tərəfindən nəfis tərtibatda çap olunan və VII fəsildən ibarət bu kitabda görkəmli sənətkarın 40 illik səhnə həyatından söz açılır. Müəllif Amaliya Pənahovanı oxuculara təkcə müxtəlif obrazlar yaradan müqtədir sənətkar kimi deyil, həm də ictimai xadim, teatr təşkilatçısı, gənc aktyor kadrları yetişdirən, tərbiyə edən pedaqoq kimi təqdim edir.
Sənətkarın həyatı, yaratdığı obrazlarla bağlı fotoşəkillərlə müşayiət olunan kitabın diqqəti çəkən məziyyətlərindən biri də üçüncü fəslin bütünlüklə tamaşaçı məktublarından ibarət olmasındadır. Sənətkarın pərəstişkarlarının ürək çırpıntıları ilə tanışlıqdan sonra oxucu Amaliya Pənahovanın yaradıcılığına ən müxtəlif mövqelərdən nəzər salır.
Yaradıcı Ziyalılar İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirin aparıcısı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İnqilab Kərimov bildirdi ki, təqdimatı keçirilən kitabda teatrımızın inkişafında Amaliya xanımın xidmətlərindən, onun səhnəyə gətirdiyi yeniliklərdən, yaratdığı lirik-psixoloji obrazlarından ətraflı bəhs edilmişdir. Teatr bilicisi olduğundan Rafiq Rəhimli Amaliya Pənahova sənətinin incəliklərindən peşəkarlıqla söhbət açmışdır.
Milli Məclis deputatlarının, mədəniyyət və teatr xadimlərinin iştirak etdikləri mərasimdə yazıçı-dramaturq Aqşin Babayev, sənətşünaslıq doktoru, professor İlham Rəhimli, “Gün” qəzetinin əməkdaşı Gülcahan Mirməmməd, akademik Budaq Budaqov, Yaradıcı Ziyalılar İctimai Birliyinin sədr müavini Ədalət Ziyadxanov və başqaları Amaliya xanımın çoxşaxəli yaradıcılığından və kitabın məziyyətlərindən ətraflı danışdılar.
Axırda Amaliya xanım və kitabın müəllifi tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.