TƏBİB hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyasını həyata keçirir
Bakı, 26 may, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş aksiya çərçivəsində ölkə üçün prioritet sahələrdən biri olan ana, qadın və uşaq sağlamlığının yaxşılaşdırılması məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən hərəkət məhdudiyyəti olan qız uşaqlarının evdə tibbi müayinələrinin aparılmasına başlanılıb.
Bu barədə AZƏRTAC-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hazırda 65 şəhər və rayon üzrə TƏBİB tabeli tibb müəssisələrində dispanser qeydiyyatında olan hərəkət məhdudiyyətli 4161 qız uşağının yaş qruplarına uyğun ixtisaslı həkimlər tərəfindən ev şəraitində tibbi müayinəsi təşkil olunur. Proqram çərçivəsində uşaqların sağlamlıq vəziyyəti qiymətləndirilir, xroniki xəstəliklər erkən aşkarlanır, müalicə-profilaktik tövsiyələr verilir və tibbi-sosial reabilitasiyaları planlaşdırılır. Bundan əlavə, yeniyetmə qızların reproduktiv sağlamlığı da daxil olmaqla, yaşa uyğun digər sağlamlıq aspektləri üzrə qiymətləndirmələr həyata keçirilir.
Dispanserizasiya müayinələri sahə həkiminin iştirakı olmaqla, pediatr, oftalmoloq, otorinolarinqoloq, nevroloq, ginekoloq, stomatoloq və digər dar ixtisaslı həkimlər tərəfindən aparılır.
Multidisiplinar yanaşma çərçivəsində tibbi briqadaların tərkibinə sosial işçilərin cəlb olunması məqsədilə TƏBİB Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əməkdaşlıq edir. Tərəflər arasında əldə edilən razılığa əsasən müayinələrin birgə təşkil olunması uşağın həm tibbi, həm də sosial ehtiyaclarının eyni vaxtda qiymətləndirilməsinə imkan yaradır.
Təşəbbüs çərçivəsində tibbi müayinələr hər bir uşağın yaşadığı ünvanda aparılır. Müayinələr zamanı xəstəliklərlə bağlı anamnez toplanır, fiziki müayinələr və funksional qiymətləndirmə aparılır, həmçinin gündəlik fəaliyyət səviyyəsi və köməkçi vasitələrə ehtiyac müəyyən edilir. Bununla yanaşı, göstəriş əsasında laborator analizlər üçün nümunələr götürülür.
Təkərli oturacaqla təmin edilən 1132 uşaq üçün əlavə reabilitasiya xidmətləri və köməkçi vasitələrə ehtiyaclar müəyyənləşdirilir, valideynlərə isə evdə qulluq, fizioterapiya prosedurları, gündəlik baxım və qidalanma ilə bağlı müvafiq tövsiyələr verilir. Bütün müayinələr elektron sistemdə qeydiyyata alınır. Ehtiyac yarandığı halda uşaqların ixtisaslaşdırılmış tibb müəssisələri və ya reabilitasiya mərkəzlərinə göndərişi təmin olunur.
Bakı şəhəri üzrə müayinələr uşaqların qeydiyyatda olduğu ilkin səhiyyə xidməti müəssisələri (poliklinika), rayonlar üzrə isə rayon mərkəzi xəstəxanalarının Ailə Sağlamlıq Mərkəzləri tərəfindən həyata keçirilir.
Bu günədək ölkə üzrə 555 qız uşağının tibbi müayinəsi aparılıb, onlardan 294-ü yaş göstərişinə uyğun olaraq ginekoloji müayinədən keçib. Müayinələr nəticəsində müəyyən edilən tibbi ehtiyaclar əsasında 8 uşaq stasionar müalicə üçün xəstəxanaya, 76 uşaq isə müvafiq reabilitasiya xidmətlərinə yönləndirilib.
Proqramın əsas məqsədi hərəkət məhdudiyyəti olan uşaqların sağlamlıq vəziyyətinin davamlı izlənilməsi, onların tibbi xidmətlərə çıxış imkanlarının artırılması, habelə ailələrə daha rahat, vaxtında və koordinasiyalı tibbi xidmətlərin göstərilməsidir.
TƏBİB uşaqların sağlamlığının qorunması məqsədilə onların vaxtında dispanser müayinələrinə cəlb olunmasında valideynləri xüsusi diqqət yetirməyə çağırır. Uşaqların mütəmadi tibbi müayinədən keçirilməsi xəstəliklərin erkən aşkarlanması, vaxtında müalicəyə başlanılması və gələcəkdə sağlam həyatın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.