“TƏBLİĞ” MƏSCİDİ LONDONDA ƏN BÖYÜK DİNİ MƏBƏD OLACAQ
“Təbliği camaat” beynəlxalq qeyri-siyasi maarifçi təşkilatı 2012-ci ildə keçiriləcək Olimpiya oyunları kəndindən bir kilometrədək məsafədə yerləşən ərazidə məscidin tikintisi üçün sahə almışdır. Arxitektor Mangera İvarsın tərtib etdiyi layihədə məscid, məktəb, sərgi salonu və 180 min kvadratmetrlik bağ sahəsindən ibarət bütöv bir kompleks təsvir olunmuşdur.
Xristian Xalq Alyansının nümayəndəsi Alen Kreyq hesab edir ki, məscid kompleksinin tikintisi rayonun müxtəlif dini icmaları arasında tarazlığı pozacaqdır. O, “Təbliği camaat” təşkilatının fəaliyyətinin müstəqil şəkildə araşdırılmasını təklif etmişdir. “Observer” qəzetinin yazdığına görə, bir neçə müsəlman ölkəsində fəaliyyət göstərən Varnava Fondu xeyriyyəçilik təşkilatı da layihənin maliyyələşdirilməsinin araşdırılmasını tələb etmişdir. Fondun direktoru Devid Suhdeo demişdir: “Məscid rayonun mərkəzindədir, adamlar buraya meyilli olacaqlar. Gec-tez buranın əhalisi tamamilə müsəlmanlaşacaq ki, bu da ayrıca rayon, paralel cəmiyyət yaradacaqdır.
“Təbliği camaat” jurnalistlərin suallarına cavab vermək istəmir. Lakin məscid layihəsinin başçısı Əbdül Xaliq bildirmişdir ki, təşkilatın ekstremizmə heç bir aidiyyəti yoxdur.