TEHRANIN MEHRABAD HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də İran İslam Respublikasının paytaxtı Tehrana gəlmişdir.
İranın və Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş Mehrabad hava limanında respublikamızın rəhbərinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Milli geyimli qız və oğlan Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya gül-çiçək təqdim etdilər.
Dövlətimizin başçısı İlham Əliyevi təyyarənin pilləkəni yanında İranın kooperasiya naziri Əli Sufi, xarici işlər nazirinin müavini Möhsün Əminzadə, İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfəri, Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov və İranın Bakıdakı səfiri Əfşar Süleymani səmimiyyətlə qarşıladılar.
Prezident İlham Əliyev hava limanından avtomobil karvanının müşayiəti ilə Tehranda onun üçün ayrılmış “Bustan” iqamətgahına yola düşdü.