Təhsil Nazirliyi: Tələbələrin köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda icazə verilir
Bakı, 1 fevral, AZƏRTAC
Tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə
qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.
Xatırladaq ki, fevralın 1-dən tələbələrin köçürülməsi prosesinə başlanılıb. Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali məktəblərdən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirə bilərlər.
Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən indiyədək 9 mindən çox tələbənin köçürülməsi həyata keçirilib. Portal vasitəsilə tələbə köçürülməsi xidməti ödənişsizdir.