TƏHSİL NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
İclasda Milli Məclisin deputatları, dövlət, hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, ali məktəblərin rektorları, tanınmış təhsil işçiləri iştirak etmişlər.
Təhsil naziri Misir Mərdanov məruzə edərək, Prezident İlham Əliyevin təhsilimizin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmış və bu sahə ilə bağlı həyata keçirilən ayrı-ayrı proqramlar barədə ətraflı məlumatlar vermişdir.
Vurğulanmışdır ki, ötən ildə ölkəmizdə 328 yeni məktəb binası və ayrı-ayrı təhsil müəssisələri üçün əlavə korpuslar inşa edilmişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə müasir tələblərə cavab verən 132 yeni məktəb binası tikilmişdir.
Nazir “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)”, “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqla təmin olunmasına dair İnkişaf Proqramı (2005-2009-cu illər)”, “2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı” və s. ilə bağlı görülmüş işləri diaqramlar vasitəsilə nəzərə çarpdırmışdır. Bildirilmişdir ki, ötən il ərzində 218 orta məktəb müasir kompüterlərlə təmin olunmuşdur.
2006-cı ildə respublikamızda yeni məktəb binalarının və ayrı-ayrı məktəblər üçün korpusların inşa ediləcəyini, təhsil müəssisələrinin müasir avadanlıq və kompüterlə təmin olunacağını bildirən Misir Mərdanov eyni zamanda, təhsil sahəsindəki mövcud problemləri də diqqətə çatdırmışdır.
İclasda Milli Məclisin deputatları Qənirə Paşayeva, Elmira Axundova, Bakı Dövlət Universitetinin kafedra müdiri Cahangir Məmmədli, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev və başqaları çıxış etmişlər.
Sonra təhsilin inkişafı ilə bağlı geniş müzakirələr aparılmış, təkliflər verilmişdir.