Təhsildə təlim və tərbiyənin vəhdəti məsələsinə dair müzakirə aparılıb
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Təhsil Nazirliyi yanında İctimai Şura tərəfindən “Təhsildə təlim və tərbiyənin vəhdəti” mövzusunda onlayn müzakirə təşkil edilib.
Bu barədə AZƏRTAC-a İctimai Şuradan məlumat verilib. Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucovun moderatorluğu ilə baş tutan müzakirədə çıxış edən şuranın sədri, professor Şahlar Əsgərov tərbiyənin inkişafında ictimai mənafenin önəminə toxunub.
Təhsil nazirinin müşaviri, fəlsəfə doktoru Elnur Nəsibov ictimai davranış qaydalarının hazırlanmasının vacibliyinə diqqət çəkib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva zəfər tarixindəki qələbəmizin təlim və tərbiyənin uğurlu nəticəsi olduğunu qeyd edib.
Müzakirələrdə iştirak edən Milli Məclisin deputatı, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru Etibar Əliyev, həmçinin şuranın digər üzvləri Nadir İsrafilov, professor Hikmət Əlizadə, Mirzə Cəfərzadə, Təhsil İnstitutunun direktor müavini, fəlsəfə doktoru Ənvər Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev və digər iştirakçılar mövzuya dair fikirlərini bölüşüblər. Tərbiyənin elmi, pedaqoji və fəlsəfi aspektlərinə toxunublar. Bildirilib ki, tərbiyə və təlimin daha da təkmilləşdirilməsi üçün məktəb, ailə və cəmiyyət əməkdaşlığının inkişafı önəmlidir. Bu istiqamətdə tədqiqat və maarifləndirmə işlərinin davamlı aparılması zəruridir.
Müzakirənin yekununda şura tərəfindən ictimai davranış qaydalarının hazırlanması ilə bağlı səsləndirilən təklif yekdilliklə qəbul edilib.