Tələbə və Məzunlar Platforması vaksinasiyanın əhəmiyyətinə diqqət çəkib
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycanlı Tələbə və Məzunlar Platformasının (ASAP) “Aktual” rubrikası çərçivəsində Almaniyanın Darmştat xəstəxanasının qulaq, burun, boğaz xəstəlikləri və plastik cərrahiyyə şöbəsinin həkimi Cavid Hüseynzadənin təqdimatında “COVID-19 və peyvəndləmə strategiyası” mövzusunda virtual seminar keçirilib.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, seminarda dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, peyvəndləmə mövzusunda maraqlı olan gənclər də fəal iştirak ediblər. Vebinarda koronavirus əleyhinə hazırlanan vaksinlər, onların fayda və zərərləri, eləcə də peyvəndləmə təcrübəsi və strategiyası haqqında maraqlı müzakirələr aparılıb. Dr. Hüseynzadə görüş iştirakçıları ilə Almaniyada artıq vaksinasiya olunmuş həkim kimi həm şəxsi təcrübəsini, həm də tibbi biliklərini iştirakçılarla bölüşüb.
Tədbirdə, həmçinin deputat, professor, ürək-damar cərrahı Rəşad Mahmudov və Xüsusi Müalicə Sağlamlıq Kompleksinin qulaq, burun, boğaz və baş-boyun cərrahı Aydın Talışinski çıxış edərək koronavirusun cəmiyyətə təsiri, karantin şərtləri və vaksinasiyanın Azərbaycanda həyata keçirilməsi prosesi haqqında iştirakçıları məlumatlandırıblar. R.Mahmudov ölkədə koronavirus xəstələrinin sayının azalmasına baxmayaraq, təhlükənin hələ də davam etdiyini və risk qruplarının mütləq şəkildə vaksinasiya edilməsinin vacibliyini vurğulayıb. Deputat əhalini, xüsusilə gəncləri məlumatlı olmağa, məsuliyyətli davranaraq həm özlərini, həm də ailələrini qorumaq üçün karantin qaydalarına riayət etməyə çağırıb.
Onlayn tədbir vaksinasiyanın istehsalı, riskləri və əhəmiyyəti ilə bağlı sualların cavablandırılması ilə davam edib.
Aydın Talışınski hazırda Azərbaycanda da istifadə olunan “Sinovac” şirkətinin “CoronaVac” peyvəndi ilə bağlı məlumat verərək bildirib ki, bu peyvənd ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa qarşı hazırlamaq üçün öldürülən virus hissəciklərindən istifadə edərək işləyir.
Çıxış edənlər təhsil alan tələbə və məzunlara, eləcə də xaricdə təhsil almaq istəyən gənclərə tövsiyələrini verib və onları harada yaşamalarından asılı olmayaraq, ölkəmiz və xalqımız üçün çalışmağa, Vətənimizin inkişafına xidmət etməyə çağırıblar.