ELM VƏ TƏHSİL
Tələbələr mediasiya ilə bağlı maarifləndirilib





Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə maarifləndirici görüş keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Mediasiya Şurasının Monitorinq qiymətləndirmə və təhlil şöbəsinin müdiri Maksim Lətifov, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri, mediator Mehriban Zeynalova, Bakı 9 saylı Mediasiya Təşkilatının rəhbəri Leyla Nəsibova iştirak ediblər.
Tədbirdə çıxış edən AzMİU-nun prorektoru Orxan Naqdiyev qeyd edib ki, mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyilə digər tərəfin mövqeyi barədə daha çox məlumat qazanmaqla öz mövqeyini yenidən qiymətləndirir və barışmaq imkanlarını araşdırır.
Çıxış edənlər mediasiyanın mahiyyəti, mediasiya proseduru, biznes və digər sahələr üzrə mübahisələrin mediasiya yolu ilə həllinin üstünlüklərindən danışıblar. Həmçinin mediasiyaya müraciət halları və qaydaları, mediasiyanın üstünlükləri, tərəflərin qarşılıqlı anlaşmasında yaratdığı imkanlar haqqında ətraflı məlumat verilib. Mediasiya ilə bağlı biliklərin artırılmasının əhəmiyyəti, bu istiqamətdə əməkdaşlığın vacibliyi vurğulanıb.
Sonda tələbələrin sualları cavablandırılıb.