Tələbələr narkomanlığa qarşı mübarizə üsulları barədə məlumatlandırılıb
Bakı, 1 noyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Azərbaycan Respublikası Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Bakı Avrasiya Universiteti ilə əməkdaşlıq çərçivəsində “Ali təhsil müəssisələrinin narkomanlığa qarşı mübarizədəki rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Dövlət Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə universitetin rektorunun köməkçisi, işçi qrupunun məsul əməkdaşı, Gənclər Fondunun nümayəndəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun rəhbəri və Respublika Narkoloji Mərkəzinin həkim narkoloqu iştirak edərək gənclər arasında narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının işçi qrupunun hazırladığı “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanılıb.