Tələbələrin “Gələcəyin alimləri” mövzusunda V Respublika virtual elmi konfransı yekunlaşıb
Bakı, 14 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş “Gələcəyin alimləri” mövzusunda tələbələrin V Respublika virtual elmi konfransına yekun vurulub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, konfransın sonuncu günündə 4 bölmə iclası keçirilib. Tədbirin “Nəzəri fizika” bölməsinə BDU-nun elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru, dosent Məmməd Rəcəbov rəhbərlik edib. Bu bölmədə “Qara dəliklərdə informasiya paradoksu, holoqrafik prinsip”, “Ulduzların mənşəyi və təkamülünün ilk mərhələsi”, “Kvark klasterlərinin nəzərə alınması ilə nn səpilməsi” mövzularında məruzələr dinlənilib.
Dosent Bəxtiyar Paşayevin sədrlik etdiyi “İstilik fizikası və molekulyar fizika” bölməsində “ALA1-ARG2-PRO3 tripeptid fraqmentinin fəza quruluşunun tədqiqi”, “Antimikrob xassəli mis nanohissəciklərinin sintezi və stabilləşdirilməsi”, “İon elektrik keçiriciliyinin aktivləşmə parametrlərinin hesablanması” mövzusunda təqdimatlar keçirilib.
“Bərk cisimlər fizikası” bölməsində dosent Mehdi Mahmudovun sədrlik etdiyi iclasda “A2B6 birləşmələrinin nanoölçülü təbəqələrinin fotoelektrik və fotolüminessensiya xassələri”, “NaCl kristalının ilişmə enerjisinin hesablanması və dissosiasiya enerjisinin təyini”, “Zn1-xSe(Mn)x təbəqələrinin optik xassələri” mövzularında məruzələr edilib.
İki gün davam edən konfransda 103 məruzə dinlənilib.
Tədbirin sonunda Fizika fakültəsinin dekanı Məhəmmədəli Ramazanov konfransın işini yüksək qiymətləndirərək tətbiqi xarakterli təqdimatlarla bağlı təkliflər hazırlanması ideyasını irəli sürüb.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş konfrans sualların cavablandırılması ilə başa çatıb.