Təranə Yusifova: Beynəlxalq festivallar Azərbaycan xor sənətini dünyaya tanıdır
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycan xor sənəti zəngin musiqi ənənələrimizdən qaynaqlanan, milli melodiyaları çoxsəsli ifa mədəniyyəti ilə birləşdirən mühüm sənət sahələrindən biridir. Bu sənətin beynəlxalq səhnələrdə təqdim olunması Azərbaycanın zəngin musiqi irsinin dünyada tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Son illər Azərbaycan xor kollektivləri nüfuzlu beynəlxalq festival və müsabiqələrdə uğurla çıxış edərək ölkəmizin musiqi mədəniyyətini layiqincə təmsil edirlər. Bu istiqamətdə növbəti uğurlu tədbirlərdən biri də Türkiyənin İstanbul şəhərində "Dünyanın səsləri İstanbulda birləşir!" şüarı ilə keçirilən IV Beynəlxalq İstanbul Xor Festivalı olub. Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivalda iştirak edən kollektivlər arasında Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xoru da yer alıb.
Xorun bədii rəhbəri, Əməkdar müəllim, Prezident mükafatçısı Təranə Yusifova AZƏRTAC-a bildirib ki, beynəlxalq festivallar Azərbaycan xor sənətinin tanıdılması, yaradıcı əlaqələrin genişlənməsi və peşəkar təcrübə mübadiləsinin aparılması üçün mühüm platformadır.

"Beynəlxalq festivallarda iştirak edən kollektivlərimiz həm ölkəmizin musiqi potensialını nümayiş etdirir, həm də dünya xor sənətinin müxtəlif məktəbləri ilə yaradıcılıq əlaqələri qururlar. Bu cür layihələr Azərbaycan xor məktəbinin inkişafına və onun daha geniş coğrafiyada tanınmasına mühüm töhfə verir. İfa etdiyimiz əsərlər tamaşaçılar tərəfindən yüksək qiymətləndirildi. Konsertdən sonra müxtəlif ölkələrdən olan musiqiçilər repertuarımız, milli musiqimizin xüsusiyyətləri və xor ifaçılığı ənənələrimiz barədə bizimlə fikir mübadiləsi apardılar. Bu, bizim üçün qürurverici idi", – deyə xor rəhbəri qeyd edib.
Cahangir Cahangirov adına Xor kollektivinin gənc ifaçısı, respublika müsabiqələri laureatı Mədinə Səlimova isə bildirib ki, gənc ifaçı kimi IV Beynəlxalq İstanbul Xor Festivalı kimi nüfuzlu bir tədbirdə iştirak etməsi həm onun peşəkar inkişafı, həm də kollektivin beynəlxalq təcrübəsinin zənginləşməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

“Festival müxtəlif ölkələrin musiqi mədəniyyətini yaxından tanımaq, fərqli xor məktəblərinin iş prinsiplərini müşahidə etmək və yeni yaradıcılıq əlaqələri qurmaq üçün geniş imkan yaratdı. Serbiya, Kolumbiya və digər ölkələrdən gəlmiş peşəkar kollektivlərlə tanışlıq bizim üçün dəyərli təcrübə oldu. Eyni zamanda milli musiqimizi xarici auditoriyaya təqdim etmək böyük məsuliyyət və qürur hissi yaşatdı”, – deyə o bildirib.
Mədinə Səlimovanın sözlərinə görə, festival bir daha göstərdi ki, Azərbaycan xor sənəti öz milli xüsusiyyətlərini qorumaqla beynəlxalq musiqi məkanında uğurla təmsil olunur.
Müxbir- Gülay Nəzərova