TERRORÇULARIN ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ ƏMƏLİYYATI UĞURLA BAŞA ÇATMIŞDIR
Xəbər verildiyi kimi, 2008-ci il avqustun 17-də Bakı şəhərinin Ülvi Bünyadzadə küçəsində yerləşən “Əbu-Bəkr” məscidinə naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfərin ölməsi və 18 nəfərin yaralanması ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyi tərəfindən görülən tədbirlərlə bu cinayətdə şübhəli bilinən 18 nəfər yaxalanmış və barələrində həbs qətimkan tədbiri seçilmişdir. Bu zaman, onlara məxsus çoxlu sayda odlu silah və döyüş sursatı, partlayıcı qurğular və xüsusi rabitə vasitələri, müxtəlif hərbi təyinatlı ləvazimatlar və sair aşkar olunaraq götürülmüşdür.
Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun AZƏRTAC-a daxil olmuş birgə məlumatında deyilir ki, mütəşəkkil şəkildə fəaliyyət göstərən silahlı dəstənin bütün üzvlərinin müəyyən olunması üzrə kompleks tədbirlər davam etdirilmişdir. Cari il sentyabrın 6-da həmin dəstənin fəal üzvlərindən biri Telman Abdullayevin Qusar rayon Avaran və Xurel kəndləri arasındakı meşə massivində olması barədə məlumat əldə edilmişdir. Telman Abdullayev hələ 2007-ci il sentyabrın 26-da “Meşə qardaşları” adlanan cinayətkar birləşmənin zərərsizləşdirilməsi üzrə hüquq mühafizə orqanlarının Qusar rayonu ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı iki polis işçisini yaralayaraq hadisə yerindən qaçmağa müvəffəq olmuşdur. Faktla bağlı Qusar Rayon Prokurorluğu tərəfindən həmin tarixdə Cinayət Məcəlləsinin 29-cu, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə başlanan cinayət işi üzrə Telman Abdullayev barəsində təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərar çıxarılmış, lakin qaçıb gizləndiyi yer məlum olmağından onun tutulması üçün axtarış elan edilmişdir.
Cari il sentyabrın 6-da Telman Abdullayevin meşədə olduğu ehtimal edilən əraziyə baxış keçirilmiş və burada düşərgə yeri, istifadə məqsədilə toplanmış məişət əşyalarının və sair aşkar edilməsi ilə əlaqədar görülən tədbirlərlə şübhəli şəxslərin Qusar şəhərində Rasim Əsədullayevə məxsus evdə gizləndikləri müəyyən edilmişdir. Elə həmin gün terrorçuların zərərsizləşdirilməsi məqsədilə xüsusi plan hazırlanmış və Milli Təhlükəsizlik Nazirliyinin “Qartal” Xüsusi Təyinatlı Dəstəsi tərəfindən antiterror əməliyyatı həyata keçirilmişdir. Bu zaman təslim olmaq barədə əmrə tabe olmayan evdə gizlənmiş şəxslər tərəfindən xüsusi təyinatlılara əl qumbarası atılmış və avtomat silahlardan atəşlər açılmışdır. Silahlı müqavimətin qarşısı alınarkən Qusar şəhər sakinləri - Telman Abdullayev və Gürşad Əlixanov öldürülmüş, Ramil Əsədullayev isə yaralanmışdır. Sonuncu rayon mərkəzi xəstəxanasına çatdırıldığı zaman keçinmişdir.
Hadisə yerindən 1 ədəd “AKMS” və 1 ədəd “AKS-74” markalı avtomat silahı, 1 ədəd “PM” markalı tapança, avtomat silahlar üçün 4, tapança üçün 2 sandıqça, çoxlu sayda müxtəlif çaplı patronlar, soyuq silah, səhra çadırı, xəritə, kompas, hərbi-taktiki dərsliklər, dərmanlar, 15 min 700 ABŞ dolları və 460 manat məbləğində pul, habelə “YAESU” markalı 2 radiostansiya aşkar olunaraq götürülmüşdür. Mütəxəssislər tərəfindən həmin radiostansiyaların texniki parametrləri müəyyənləşdirilərkən məlum olmuşdur ki, ultra qısa dalğa diapazonunda işləyən bu rabitə vasitələri yüksək peşəkar göstəricilərə, o cümlədən təqribən 3-5 kilometr məsafədə rabitə yaratmaqla yanaşı, efirə nəzarət etmək, internetə qoşulmaq və digər imkanlara malikdir.
Eyni zamanda, hadisə yerindən götürülmüş “AKS-74” markalı avtomat silahın 2008-ci il avqustun 29-da Qusar rayonunun Həzrə kəndi yaxınlığında həyata keçirilən əməliyyat zamanı DİN Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsinin həlak olmuş çavuşu Əli Yolçuyevə məxsus olduğu məlum olmuşdur.
Tədbir zamanı zərərsizləşdirilmiş şəxslərdən götürülən silahların arasındakı “PM” markalı tapançadan Telman Abdullayev tərəfindən istifadə edilməklə 2007-ci il sentyabrın 26-da iki polis işçisinə güllə yarası yetirilməsi və 2008-ci il avqustun 29-da isə Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin çavuşunun öldürüməsi müəyyən edilmişdir.
Xüsusi əməliyyat keçirilərkən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları və yerli rayon polis şöbəsinin əməkdaşları asayişin qorunması və ətrafda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi işinə cəlb olunmuşlar. Keçirilən xüsusi tədbir zamanı əməliyyatda iştirak edən qüvvələr arasında itki və yaralanan olmamışdır. İşin bütün hallarının araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir.