REGİONLAR
Tərtərdə koronavirusa qarşı mübarizə tədbirləri genişləndirilib
Tərtər, 3 aprel, AZƏRTAC
Tərtər rayonunda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə kompleks şəkildə profilaktik tədbirlər davam etdirilir. Epidemiya ilə bağlı tibbi-proflaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq təxirəsalınmaz işlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, infeksiyanın qarşısının alınması məqsədilə həyata keçirilən dezinfeksiya işləri müəyyən edilmiş qrafikə əsasən rayonun bütün yaşayış məntəqələrini əhatə etməklə aparılır. Tərtər şəhərinin prospekt və küçələri, çoxmənzilli binaların girəcəkləri, pilləkən qəfəsləri və ətraf sahələr, eləcə də kənd yolları gündəlik təmizlənərək dezinfeksiyaedici məhlullarla yuyulur. Bundan əlavə, sərnişindaşıma xidməti göstərən bütün növ avtonəqliyyat vasitələri, ticarət və xidmət obyektləri, ödəniş terminalları, bankomatlar xüsusi dezinfeksiya məhlulları ilə mütəmadi təmizlənir. Rayonun Qaynaq, Yuxarı Qapanlı, Hüsənli, Azad Qaraqoyunlu, Köçərli, Evoğlu, İsmayılbəyli, Seydimli, Hacıqərvənd, Bala Kəngərli, Cəmilli, Ağkənd, Dəmirçilər, Qaradağlı, Təzəkənd, Kəngərli, Xoruzlu, Kəbirli, Borsunlu, Bəyimsarov, Sarov, Hacıqərvənd, Buruc, Gülabatlı, Sarıcalı kəndlərində də dezinfeksiya işləri aparılıb. Bu istiqamətdə işlər qalan kəndlərdə də davam etdirilir.
Rayonda koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmək məqsədilə maarifləndirmə işləri də genişləndirilib. Yaradılan mobil qruplar Tərtər şəhərində və rayonun kəndlərində sakinlərlə söhbətlər aparır, əhalini karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndirirlər. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilir. Əhalinin koronavirusla bağlı maarifləndirilməsi məqsədilə Tərtər şəhərinin əsas giriş küçələrində, əhalinin daha çox görə biləcəyi ərazilərdə xüsusi lövhələr yerləşdirilib.