“Tesla”nın Çindəki zavodunda istehsal olunan ilk avtomobillər müştərilərə təqdim edilib VİDEO
Pekin, 7 yanvar, AZƏRTAC
ABŞ-ın elektrik enerjisi ilə işləyən avtomobil istehsalçısı “Tesla”nın Şanxay şəhərindəki zavodunda yığılan ilk avtomobillər ictimaiyyətə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, düz bir il əvvəl - 2019-cu il yanvarın 7-də təməli qoyulmuş zavodda istehsal olunan “Model 3” markalı avtomobillərini ilk 10 müştəriyə şirkətin idarə heyətinin sədri İlon Mask təqdim edib.
Bildirilir ki, Şanxaydakı zavodda istehsal olunan “Model 3”ün qiyməti təxminən 50 min ABŞ dollarıdır. Amerikadan idxal olunan eyni avtomobillər isə Çində 63 min dollara satılır. İlon Mask Şanxayda “Tesla” avtomobillərinin istehsalının belə tez reallaşmasını “Möhtəşəm Şanxay sürəti” adlandırıb.
Qeyd edək ki, illik istehsal gücü 500 min avtomobil olacaq zavod “Tesla”nın ABŞ-dan kənarda ilk nəhəng zavodudur. “Tesla” Çində 100 faiz xarici kapitallı avtomobil istehsal edən ilk şirkətdir. İndiyədək xarici avtomobil istehsalçıları bu ölkədə zavod açmaq üçün yerli şirkətlərin biri ilə müştərək müəssisə yaratmalı idilər. “Tesla” Çinin bu sahədə yeni qaydalarından bəhrələnən ilk şirkət olub.
Çin dünyanın ən böyük avtomobil bazarı olmaqla yanaşı, həm də elektrik enerjisi ilə işləyən avtomobillərin (NEVs) istehsal və satış sayına görə dünyada birinci yerdədir. Elektrik enerjisi ilə işləyən avtomobil istehsalını prioritet sahə elan edən Çin hökuməti ənənəvi yanacaq növləri ilə işləyən avtomobillərin istehsalına və satışına cədvəl üzrə məhdudiyyət tətbiqinə başlayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin