Texniki xidmətin intellektual analizi texnologiyaları tədqiq olunacaq
Bakı, 11 fevral, AZƏRTAC
İnformasiya texnologiyaları və cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi üzrə tədqiqatlar bu il də müxtəlif istiqamətlərdə davam etdiriləcək.
İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu barədə Elmi şurasının növbəti onlayn iclasında şöbə müdiri Şakir Mehdiyev məlumat verib. O məruzəsində vurğulayıb ki, 2021-ci ildə kiberfiziki sistemlərin texniki vəziyyətinin monitorinqi və intellektual analizi problemlərinin araşdırılması mövzusu çərçivəsində texniki xidmətin intellektual analizi texnologiyalarının tədqiqi məsələləri və Maintenance 4.0: mövcud vəziyyəti və problemləri ilə bağlı tədqiqatların aparılması planlaşdırılır.
Sonra məruzəçi cari il ərzində şöbədə elmi-pedaqoji fəaliyyət, elmi-praktiki nəticələrin KİV-də təbliği, tanınmış elmi jurnallarda məqalələrin dərc olunması, ölkədaxili və beynəlxalq tədbirlərdə iştirak çərçivəsində görüləcək işlər haqqında məlumat verib.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək kiberfiziki sistemlərin texniki vəziyyətinin monitorinqi və intellektual analizi problemlərinin müasir dövrdə aktuallıq kəsb etdiyini söyləyib. Alim bu istiqamətdə tədqiqatların davam etdirilərək, məqalələrin hazırlanması və nüfuzlu jurnallarda çap olunmasının vacibliyini bildirib.
Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı qənaətbəxş hesab olunub.