Tibb Universitetinin pediatrı beynəlxalq konqresdə vizinq sindromunun yaranmasında infeksiyaların rolundan danışıb
Bakı, 10 may, AZƏRTAC
Türkiyədə Avropa Allerqologiya və Klinik İmmunologiya Akademiyasının dəstəyi ilə Pediatrik Allerqologiya və Pulmonologiya üzrə beynəlxalq konqres keçirilib.
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkəmizi ATU-nun Tədris Terapevtik Klinikasının pediatrı, dosent Məleykə Kərimova təmsil edib.
Konqresdə uşaqlarda bronxial astma, allergik rinit, atopik dermatit, qida və dərman allergiyası, immun catışmazlıqlar, xronik öskürək, vizinq sindromu, iqlim və ekoloji amillərin tənəffüs sistemi və allergik xəstəliklərin yaranmasında rolu, peyvəndlərin aparılması, eləcə də uşaqlarda autoimmun xəstəliklər və s. kimi aktual mövzularda məruzələr dinlənilib.
Həmyerlimiz öz çıxışında uşaqlarda təkrarlanan vizinq sindromunun yaranmasında opportunist infeksiyaların rolu barədə danışıb.
Tədbirdə Böyük Britaniya, Danimarka, Fransa, İtaliya və bir sıra digər Avropa ölkələri, eləcə də Cənubi Afrika Respublikası da daxil olmaqla, ümumilikdə 3 minə yaxın nümayəndə iştirak edib.