Tokayev: Qazaxıstanın əsas dövlət institutları tamamilə yenilənəcək
Astana, 11 sentyabr, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə həyata keçirilən islahatlar çərçivəsində dövlət institutları sisteminin əsaslı şəkildə yenilənəcəyini bildirib.
AZƏRTAC Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı VI Dünya Köçəri Oyunlarının mükafatçılarının təltif olunma mərasimində çıxışı zamanı Qazaxıstanda yeni Konstitusiyanın qəbul edildiyini, bu yaxınlarda Qurultaya seçkilərin keçirildiyini, vitse-prezidentin təyin olunduğunu, hökumətin yenilənmiş tərkibinin fəaliyyətə başladığını və Təhlükəsizlik Şurasının Aparatının formalaşdırıldığını qeyd edib.
Yaxın vaxtlarda Qazaxıstan Xalq Şurasının (Қазақстан Халық Кеңесі) tərkibi təsdiqlənəcək. Qurultayın deputatları ilə razılaşdırıldıqdan sonra Konstitusiya Məhkəməsinin hakimləri, Mərkəzi Seçki Komissiyasının üzvləri və Ali Audit Palatasının üzvləri təyin ediləcək.
“Beləliklə, əsas dövlət institutları tamamilə yenilənəcək. Bu tədbirlər həyata keçirdiyimiz kompleks islahatların ayrılmaz tərkib hissəsidir”, – deyə Kasım-Jomart Tokayev bildirib.
Prezident, həmçinin bildirib ki, oktyabr ayında Konstitusiyanın 46-cı maddəsinə uyğun olaraq Qazaxıstan xalqına müraciətlə çıxış edəcək və qarşıdakı dövr üçün məqsəd və vəzifələri müəyyənləşdirəcək.