İDMAN
Tokio Paralimpiadasının azərbaycanlı mükafatçısı yapon məktəblilərə onlayn-təlim keçib

Tokio, 3 mart, AZƏRTAC
Ötən il keçirilən “Tokio-2020” Paralimpiya Oyunlarının azərbaycanlı bürünc mükafatçısı Pərvin Məmmədov Yaponiyanın “Shiga High Wrestling” klubunun gənc idmançılarına onlayn təlim keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə “chunichi.co.jp” saytında dərc olunan məqalədə söhbət açılıb.
Bildirilib ki, ötən il keçirilən Tokio Paralimpiya Oyunları zamanı Şika şəhərinin qonağı olmuş Azərbaycan idmançıları ilə bu şəhərin gəncləri arasında sıx dostluq münasibətləri formalaşıb. Azərbaycanlı idmançıları yarışlar zamanı dəstəkləyən yapon məktəblilər Oyunları görünməmiş üstünlüklə başa vuran paralimpiyaçıların təcrübəsini öyrənməyə çalışırlar. Bu məqsədlə Şika şəhər gimnaziyasının idman zalında təşkil olunan onlayn təlimdə 9 gənc idmançı iştirak edib. Təlim-məşq zamanı müxtəlif idman hərəkətləri ilə yanaşı, 49 kiloqram dərəcəsində çıxış edən 27 yaşlı P.Məmmədov onlara öz təcrübəsi haqda da məlumat verib. Məktəblilərin Yaponiya təəssüratları barədə sualını cavablandıran idmançımız bu ölkənin qonaqpərvərliyi ilə onun diqqətini cəlb etdiyini deyib.
Məqalədə cari ildə Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edildiyi də xatırladılıb. Yubiley tədbirləri çərçivəsində Bakıda keçiriləcək festivala Şika sakinlərinin qatılacağı da bildirilib. Qeyd edilib ki, belə tədbirlər iki dost ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio