Tovuz və Qazax rayonlarında xeyli silah-sursat aşkarlanıb
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz və Qazax rayonları ərazisinə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış mərmilərin həyətyanı sahələrə, otlaq və əkin sahəsinə düşməsi barədə iyulun 15-22-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən 23, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 3 və Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, daxil olmuş 27 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupu Tovuz rayonunun Dondar Quşçu, Ağdam, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Vahidli və Hacallı kəndlərində, həmçinin Qazax rayonunun Xanlıqlar kəndində Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı zamanı 16 ev və həyətyanı sahəyə, 4 əkin sahəsinə və 3 otlaq sahəsinə baxış keçiriblər.
Aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 100 millimetrlik top mərmisi (OF-412), 122 millimetrlik iki top mərmisi (OF-56-1), bir ədəd RQM-2 partladıcısının gücləndiricisi, 9M33 raketinin döyüş başlığı və təzyiq üçün hava akkumulyatoru, 18 ədəd partlamış top və minaatan mərmisinin qalıqları aşkarlanıb. İyulun 22-də Dondar Quşçu kəndində aşkarlanmış 122 millimetrlik top mərmisinin (OF-56-1) partladıcısı üzərində olduğuna görə, iyulun 23-də yerində partlayış yolu ilə zərərsizləşdirilib, digər partlamamış hərbi sursatlar isə götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Atəş nöqtələrinin ətrafında 3052 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.