TÜBİTAK Mərkəzi Elmi Kitabxananın maddi-texniki bazasının gücləndirilməsinə dəstək verəcək
Bakı, 23 noyabr, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) elektronlaşdırılması istiqamətində işlər görülür.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu barədə MEK-in baş direktoru professor Məmməd Əliyev məlumat verib. M.Əliyev oxuculara xidmət işinin kəmiyyət və keyfiyyət göstəricilərini yüksəltməklə MEK-in Azərbaycan elminin inkişafına töhfə verdiyini söyləyib. Onun sözlərinə görə, hazırda elektron kataloqların hazırlanması istiqamətində işlər görülür və yaxın müddətdə elektron kataloqlaşmanın yekunlaşması nəzərdə tutulub. Bu istiqamətdə işlərin böyük bir qismi artıq icra olunub.
M.Əliyev kitabxananın elektronlaşdırılması məqsədilə “İRBİS-64” Avtomatlaşdırılmış İnteqrasiyalı Kitabxana Sisteminin tətbiq olunduğunu vurğulayıb: “Mərkəzin Reproqrafiya şöbəsi tərəfindən MEK-in fondlarında olan ədəbiyyat nümunələri, məqalələr müxtəlif tipli skan aparatları vasitəsilə elektron formata salınaraq xüsusi proqramda konvertasiya edilir və elektron bazaya daxil olunaraq oxucuların istifadəsinə verilir. Kitabların elektronlaşdırılması maddi-texniki baza ilə təminat tələb etdiyindən AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin dəstəyi ilə bu məsələlər Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) ilə geniş müzakirə olunub və maddi-texniki bazanın qurulmasına bu qurum tərəfindən dəstək göstərilməsi barədə razılıq əldə olunub”.
İndiyədək minlərlə kitabın konvertasiya olunaraq MEK-in elektron kitabxanasında yerləşdirildiyini deyən baş direktor əlavə edib ki, maddi-texniki bazanın gücləndirilməsindən sonra kitabların konvertasiyası istiqamətində mövcud çətinliklər aradan qaldırılacaq.