“TUFANLARDAN KEÇƏN ÖMÜR” KİTABININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, fevralın 3-də Beynəlxalq Mətbuat Mərkəzində
Moskvada yaşayan soydaşımız, iş adamı Hamlet Osmanovun ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Tufanlardan keçən ömür” kitabının təqdimat mərasimi keçirilmişdir.
Siyasi Partiyaların Məşvərət Məclisinin sədri Məmməd Əlizadə tədbiri açaraq bildirdi ki, təqdimatı keçirilən kitabın müəllifi 28 ildir ki, Vətəndən kənarda, Moskvada yaşayır. Hamlet Osmanov Rusiyadakı fəaliyyəti ilə özünə yaxşı hörmət qazanıb. Ötən illər ərzində qəlbində əbədi yer tutan Azərbaycan sevgisi onu Vətənə qırılmaz tellərlə bağlayıb.
Natiq qeyd etdi ki, müəllif sanballı bir əsər hazırlayıb. Kifayət qədər zəngin faktlar əsasında yazılmış kitab müəllifin ümümmilli liderimizə böyük sevgisini əks etdirir.
Kitabın yazılmasının bütün həyatını xalqına, Vətəninə həsr etməkdən yorulmayan ümümmilli liderimiz Heydər Əliyevə məhəbbətindən irəli gəldiyini vurğulayan müəllif Hamlet Osmanov ulu öndərimizin Moskvadakı fəaliyyətindən danışaraq həmin illərdə də onun xalqı ilə birlikdə olduğunu diqqətə çatdırdı.
Müəllif 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra ulu öndərimiz Heydər Əliyevin əsil lider kimi Azərbaycanın Moskvadakı nümayəndəliyindəki çıxışının, həmin hadisələri törədənləri - Mixail Qorbaçovu, Əbdürəhman Vəzirovu, Ayaz Mütəllibovu və başqalarını çəkinmədən, cəsarətlə günahlandırmasının canlı şahidi olduğunu dedi. O bildirdi ki, bu gün ümummilli liderimiz Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini bütün dünya azərbaycanlıları, o cümlədən Rusiyada yaşayan soydaşlarımız ürəkdən dəstəkləyirlər.
Tədbirdə Prezidentin İcra Aparatı ictimai siyasi şöbəsi müdirinin müavini Nazim İsayev, təhsil nazirinin müavini, tarix elmləri doktoru İradə Hüseynova, Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Vüqar Rəhimzadə, Aydın Mirzəzadə, professorlar Rasim Nəbiyev, Vilayət Əliyev və başqaları çıxış edərək “Tufanlardan keçən ömür” kitabının tarixi materiallarla, fotoşəkillərlə zəngin olduğunu bildirdilər. Natiqlər kitabın sadə dillə yazıldığını, geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacağını xüsusi vurğuladılar, yaradıcı heyəti təbrik etdilər.
Dünyanın görkəmli adamlarının, ictimai-siyasi xadimlərinin Heydər Əliyev haqqında fikirlərinin ardıcıllıqla yer aldığı kitabın “Ümid və güvənc yerimiz” adlandırılmış son bölməsi Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuşdur.
Kitab ümümmilli liderimizin böyük uzaqgörənlik və nikbinliklə dediyi aşağıdakı sözlərlə sona çatır: ”Həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”.