İDMAN
“Turan Tovuz”un nigeriyalı hücumçusu: Qış fasiləsindən daha güclü qayıdacağıq - MÜSAHİBƏ
Bakı, 26 dekabr, AZƏRTAC
“Turan Tovuz”un nigeriyalı hücumçusu Otto Con AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Azərbaycan Premyer Liqasında birinci dövrə başa çatdı. Geridə qalan 18 turu komandanız üçün necə qiymətləndirirsiniz?
- Müsbət və mənfi məqamlarla yadda qalan 5 ay oldu. Fasilədən sonra sabitliyi qorumağa çalışacağıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Matçlara ən yaxşı şəkildə hazırlaşacağıq.
- İlk dövrədə 6 qolla komandanızın ən məhsuldar futbolçusu oldunuz. Öz çıxışınız barədə nə deyə bilərsiniz?
- Öz çıxışımdan narazı deyiləm. Amma komandama daha çox kömək edə bilərdim. Mövsümün ikinci hissəsində daha çox qol vurmağa çalışacağam.
- Fərqli ölkələrdə legioner həyatı yaşamısınız. Azərbaycana gəldikdən sonra uyğunlaşma ilə bağlı problem oldu?
- Yeni ölkəyə, fərqli liqaya gələn hər bir futbolçuya adaptasiya üçün vaxt lazımdır. Eləcə də mənə. Ancaq məşqçi heyəti və komanda yoldaşlarım sayəsində adaptasiya prosesi asan keçdi.
- Sizcə, qış fasiləsinin “Turan Tovuz”a köməyi dəyə bilər?
- Fasilə bizə çox kömək edəcək. Çünki üzərimizdə daha çox işləməyə vaxt olacaq. İndi yaxşı dincəlməli və sağlamlığımızı qorumalıyıq. İnanıram ki, daha güclü qayıdacağıq.
- Komandanız mövsümə yaxşı başlasa da, sonradan qeyri-sabit çıxış etməyə başladı. Bu, nə ilə bağlı idi?
- Bu, futboldur və komandaların pis dövrləri olur. Əsas odur ki, ailə kimi bir olmaq və səhvlərimizi düzəltməyə çalışmaqdır.
- Necə düşünürsünüz, “Turan Tovuz” çempionatı hansı pillədə bitirmək gücündədir?
- İndidən nəsə deyə bilmərəm. Çempionatın başa çatmasına hələ 5 ay var. Hər şeyi zaman göstərəcək.
- Azərbaycan çempionatının səviyyəsi barədə nə düşünürsünüz?
- Taktiki cəhətdən güclü liqadır və bir çox tələblərə malikdir. Ümumi səviyyə baxımından götürsək, məni qane edir.