Türk maarifçi mütəfəkkirləri ilə bağlı bioqrafik toplu hazırlanacaq
Bakı, 4 mart, AZƏRTAC
Beynəlxalq Türk Akademiyasının mühüm layihələrindən biri də XIX-XX əsrin əvvəllərində türk maarifçi mütəfəkkirləri ilə bağlı bioqrafik toplunun hazırlanmasıdır. Heç şübhəsiz, bu dövrdə yaşamış türk dünyasının böyük ziyalılarının yaradıcılığının xalqlarımızın maariflənməsində, onların milli kimliyinin formalaşmasında, müasir mədəniyyət, ədəbiyyat və publisistikanın inkişafında müstəsna rolu olub. Məqsəd türk maarifçilik hərəkatının tarixində mühüm rol oynamış mütəfəkkirlər haqqında bioqrafik məlumatlar vermək, onların ideyaları və xidmətləri barədə bilgiləri ümumiləşdirməklə yanaşı, bu görkəmli şəxsiyyətlərin bir-biri ilə əməkdaşlıq və qarşılıqlı əlaqəsini bir daha tədqiq etməkdir.
Bu barədə AZƏRTAC-a Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev məlumat verib.
Akademik qeyd edib ki, bu günə kimi türk xalqlarının maarifçilik hərəkatları ilə bağlı bir çox ciddi tədqiqatlar aparılsa da, türk dünyası ziyalılarını bütöv halda əhatə edən əsərlər azlıq təşkil edir. Ümid edirik ki, qeyd edilən layihə böyük ziyalılarımızın bütün türk dünyasına daha dolğun şəkildə tanıdılmaları üçün faydalı olacaq. Əsas məqsədimiz türk xalqlarının ortaq hafizəsindən qəsdən silinmiş tarixi təcrübəni yada salmaq, bununla bağlı dəyərləri yenidən canlandırmaqdır.