TÜRKİYƏ DİNAMİK DƏYİŞİKLİKLƏRİ DAVAM ETDİRMƏK NİYYƏTİNDƏDİR
Ərdoğan demişdir: “Hazırda inkişaf dövrü davam edir. Ona görə də elə fəaliyyət göstərmək gərəkdir ki, bütün təşəbbüslər uğurlu olsun. Atatürkün qarşıya qoyduğu vəzifə ondan ibarətdir ki, Türkiyə müasir sivilizasiyalı ölkələr səviyyəsinə çıxmalıdır. İndi iqtisadiyyat, elm, təhsil, kənd təsərrüfatı və mənzil tikintisi sahəsində - bir sözlə, bütün sahələrdə çoxlu layihə, saysız-hesabsız müsbət dəyişikliklər var”.
Baş nazir bildirmişdir ki, Türkiyə Avropa Birliyinə qoşulmağa hazırlaşaraq, öz qanunlarını AB meyarlarına uyğunlaşdırmaq üçün böyük iş görmüşdür və yeni-yeni dəyişiklikləri həyata keçirmək niyyətindədir. Məqsədimiz daha çox azadlığa, daha çox demokratiyaya nail olmaqdır. Biz xalqın həyat səviyyəsini yüksəltmək üçün daha çox fikir, dini etiqad azadlığı, sosial hüquqlar vermək, sahibkarlığı daha da inkişaf etdirmək istəyirik. Biz bu istiqamətdə hər gün irəliləyirik və tam qalib gəlmək əzmindəyik.
Ərdoğan demişdir ki, Ankara Birləşmiş Millətlər Təşkilatını ümumi sülhün təminatçısı hesab edir. Ancaq BMT daha səmərəli olmalı, dünyada çox şeyi dəyişdirməyə imkan tapmaq üçün münaqişələrin həllində daha fəal iştirak etməlidir. Bununla əlaqədar BMT-də islahat məsələsi çox vacibdir. Lakin bu islahatı apararkən hüquqi əsaslardan, qanundan uzaqlaşmaq olmaz, tarazlığı mütləq saxlamaq lazımdır.