CƏMİYYƏT
Türkiyə həmkarlar ittifaqlarının üzvləri Fəxri və Şəhidlər xiyabanlarını, “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Türkiyə həmkarlar ittifaqlarının nümayəndə heyəti Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Aqil Dadaşov və KAMU-SEN Konfederasiyasının sədri Öndər Kahveçi nümayəndə heyətləri ilə birgə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.
Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad olunub.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.
Daha sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.
Bakının ən hündür zirvəsindən şəhərin mənzərəsini seyr edən qonaqlara paytaxtda aparılan quruculuq işləri barədə məlumat verilib.
Qonaqlar, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri qoyulub, türk şəhidlərinin xatirəsinə ehtiram göstərilib.