TÜRKİYƏ MƏTBUATI OANA-NIN BAKIDA KEÇİRİLƏN İCLASINA GENİŞ YER AYIRMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, avqustun 2-3-də Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) İcraiyyə Komitəsinin Bakıda AZƏRTAC-ın ev sahibliyi ilə keçirilmiş “Qloballaşan dünyada informasiya hamı üçün” mövzusunda 30-cu iclası Türkiyə KİV-lərində geniş işıqlandırılmışdır.
“Ortadogu”, “Hürriyyət” qəzetləri, “Haber 7”, TQRT kanallarının, rəsmi Anadolu Agentliyinin və digər kütləvi informasiya vasitələrinin xəbər və məqalələrində deyilir ki, toplantı iştirakçılarını qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev bu tədbirin Bakıda keçirilməsini Azərbaycana verilən əhəmiyyətin təzahürü kimi qiymətləndirmiş, dünyanın müxtəlif ölkələrindən gəlmiş nümayəndələrin ölkədə gedən prosesləri yaxından görə bilmək imkanı əldə edəcəklərini söyləmişdir.
Mətbuat səhifələrində o da vurğulanır ki, Prezident İlham Əliyev qloballaşan dünyada məlumat və informasiyanın əhəmiyyətindən bəhs etmiş, Azərbaycanda mətbuat azadlığı istiqamətində mühüm addımlar atıldığını və ölkədəki bütün kütləvi informasiya vasitələrinə bərabər şərait yaradıldığını söyləmişdir. Dövlət başçısı Dağlıq Qarabağ problemindən də bəhs etmiş, torpaqlarının 20 faizinin Ermənistanın işğalı altında olmasına baxmayaraq, Azərbaycanın böyük iqtisadi və siyasi islahatlar həyata keçirdiyini, bölgədə güclü dövlətə çevrildiyini bildirmişdir.
Türkiyə mətbuatında dərc olunmuş yazılarda həmçinin vurğulanır ki, OANA-nın prezidenti Əhməd Muxlis Yusuf və Avropa Xəbər Agentlikləri Alyansının prezidenti Volfqanq Vislozil Azərbaycanda böyük inkişafın şahidi olduqlarını söyləmişlər.
Xəbərlərdə Anadolu Agentliyi İdarə heyətinin sədri və baş direktoru Hilmi Benginin və baş direktorun müavini Əhməd Tekin də bu mühüm toplantıda iştirak etdikləri bildirilir.