TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN ERMƏNİSTANA SƏFƏRİ İLƏ BAĞLI QƏRAR HƏLƏ VERİLMƏMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin xarici işlər naziri Əli Babacan Prezident Abdullah Gülün sentyabrın 6-da futbol matçını izləmək üçün ermənistanlı həmkarı Serj Sarkisyanın dəvəti ilə Yerevana səfəri ilə bağlı hələ qərar verilmədiyini bildirmişdir.
Əli Babacan demişdir ki, əgər səfər baş tutarsa, bu, Türkiyəyə hər hansı bir təzyiq kimi deyil, regionda sülhün və sabitliyin bərqərar olunmasına töhfə vermək üçün həyata keçiriləcəkdir.
Xarici işlər nazirinin bu bəyanatı səfərlə əlaqədar Türkiyənin iki böyük parlament partiyasının liderləri - Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykal və Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçəlinin bəyanatları ilə bağlı olmuşdur.
Anadolu agentliyi xəbər verir ki, Dəniz Baykal hökuməti Azərbaycana zərər verə biləcək hər bir addımdan çəkinməyə çağırmışdır. Azərbaycan torpaqlarının 20 faizinin hələ erməni işğalı altında olduğunu xatırladan partiya lideri, “Yerevanın yerinə Bakıya matça getməyi üstün tutaram” deyərək, dövlət başçısını bu səfərə getməməyi tövsiyə etmişdir.
Dövlət Baxçəli isə bəyanatında demişdir ki, Abdullah Gülün Yerevana səfərinin Türkiyə Cümhuriyyətinin qüruruna xələl gətirəcəyini hesab etdiyi üçün onun baş tutmayacağına ümid edir. Onun sözlərinə görə, Ermənistan Türkiyənin ərazi bütövlüyünü və sərhədlərini tanımır, Yerevanın PKK terror təşkilatı ilə əlaqələri vardır, Azərbaycan torpaqlarının işğalı davam etməkdədir. Bu cür dövlətə səfər etmək yanlış addım olardı.