DÜNYA
Türkiyə Prezidenti: Ankara türk Kiprinin TDT-də tamhüquqlu üzv olmasına çalışır


Ankara, 9 iyul, AZƏRTAC
Türkiyə Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) Türk Dövlətləri Təşkilatının (TDT) tamhüquqlu üzvü kimi qəbul edir. Digər ölkələrin, xüsusən də Azərbaycanın mövqeyi bizim istəklərimiz ilə böyük ölçüdə üst-üstə düşür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vaşinqtonda keçirilən sammitinə yola düşməzdən əvvəl keçirdiyi brifinqdə deyib.
Prezident Ərdoğan ŞKTC nümayəndə heyətinin də iştirak etdiyi Şuşada keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Türkiyənin vitse-prezidenti və xarici işlər nazirinin iştirakına diqqət çəkib. “Türkiyə diqqətini Lefkoşanın Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzvlüyü ilə bağlı qərar üzərində cəmləyib. Biz bu istiqamətdə hər cür səy göstəririk. Türk dövlətləri ilə bu məsələni müzakirə edirik”, -deyə o bildirib.
Türkiyə Prezidentinin sözlərinə görə, Ankara həm də ŞKTC Prezidenti Ersin Tatar ilə TDT-yə üzv olan digər dövlətlərin başçıları arasında dialoqu təşviq etməyə çalışır.
Rəcəb Tayyib Ərdoğan ABŞ-da keçiriləcək NATO sammitindən gözləntilər ilə bağlı deyib: “Ümid edirik ki, müzakirələr nəticəsində Alyans daxilində həmrəylik və birlik ruhunu gücləndirmək üçün konkret qərarlar qəbul ediləcək”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara