TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ABDULLAH GÜLƏ
Hörmətli cənab Prezident,
Türkiyə Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Təmsil etdiyiniz Ədalət və İnkişaf Partiyasının keçən ay Türkiyə Böyük Millət Məclisinə seçkilərdə qazandığı inamlı qələbə siyasi xəttinizin qardaş Türkiyə xalqı tərəfindən dəstəkləndiyinin bariz sübutu oldu. Bu gün isə Türkiyə Respublikasının Prezidenti seçilməyiniz Sizin şəxsinizə böyük inamın, hörmət və etimadın parlaq ifadəsidir.
Azərbaycan və Türkiyə əsrlərdən bəri bir-birinə qırılmaz tellərlə bağlıdır. Qardaş xalqlarımızın iradə və məramından qaynaqlanan bugünkü dövlətlərarası münasibətlərimiz isə strateji tərəfdaşlığın, müttəfiqliyin zirvəsindədir.
Əminəm ki, ən böyük sərvətimiz olan birliyimizi qoruyub saxlamaq və daim möhkəmləndirmək, bütün sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımızı daha da inkişaf etdirmək, regional və beynəlxalq qurumlar çərçivəsində birgə fəaliyyətimizi indiki yüksək səviyyədə davam etdirmək üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik.
Belə bir xoş gündə Sizə, cənab Prezident, ən xoş arzularımı yetirməkdən məmnunluq duyur, möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyənin yüksəlişi naminə qarşıdakı məsul işinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 28 avqust 2007-ci il.