Türkiyədə keçirilən kütləvi ağacəkmə aksiyasında Azərbaycanın nümayəndə heyəti də iştirak edib
Ankara, 11 noyabr, AZƏRTAC
Türkiyə ilə Azərbaycan arasında genişlənən qarşılıqlı əməkdaşlıq çərçivəsində qardaş ölkədə "Gələcəyə nəfəs ol!" devizi ilə hər il noyabrın 11-də keçirilən genişmiqyaslı ağacəkmə kampaniyasına ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti də qatılıb.
Azərbaycanı təmsil edən nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərində təşkil olunan kütləvi ağacəkmə tədbirlərində iştirak edib.
Azərbaycanın Türkiyədəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, qardaş ölkəyə səfər çərçivəsində, Türkiyənin kənd təsərrüfatı və meşə naziri ilə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri arasında işgüzar görüş keçirilib. Görüşdə ekologiya və ətraf mühit sahəsində regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Eyni zamanda, Azərbaycan və Türkiyə hökumətləri arasında balıqçılığın inkişafı sahəsində əməkdaşlığa dair Saziş imzalanıb.
Qeyd edək ki, qardaş Türkiyədə keçirilən “Gələcəyə nəfəs ol!” ağacəkmə aksiyasına dəstək məqsədilə Azərbaycanda da ənənəvi olaraq ağacəkmə aksiyaları keçirilir, hər il on minlərlə ağac əkilir. Bu il keçirilən bu möhtəşəm aksiyada isə ölkə ərazisində, eyni zamanda, Qarabağ bölgəsində, Zəngilan və Cəbrayıl rayonlarında 111 min ağac əkilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara