DÜNYA
Türkiyəli analitik: BRICS Ankara üçün alternativ deyil, əlavə əməkdaşlıq imkanıdır
Ankara, 19 sentyabr, AZƏRTAC
BRICS Türkiyə üçün Aİ-yə alternativ deyil, Ankaraya Şərqlə Qərb, Şimal və Cənub arasında iqtisadi əlaqə rolunu oynamağa imkan verən bir vasitədir.
AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin BRICS-ə qoşulması ehtimalını şərh edən Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitiki Selenay Erva Yalçın bildirib.
Onun sözlərinə görə, BRICS ilə dialoqun Türkiyənin Aİ ilə münasibətlərinə mənfi təsir göstərə biləcəyi fikirləri yanlışdır: “Türkiyənin BRICS ölkələri ilə iqtisadi əlaqələri bu günə qədər Ankaranın Qərblə təmaslarına heç bir şəkildə təsir göstərməyib, əksinə, onları tamamlayıb”.
Yalçın qeyd edib ki, geosiyasi proseslər, planetin getdikcə artan əhalisi və məhdud resurslar dövlətləri yeni ticarət alternativləri axtarmağa sövq edir və bunlardan biri də BRICS hesab olunur.
O əlavə edib ki, Türkiyənin BRICS sıralarına ehtimal olunan qoşulması təkcə təşkilatın özünün mövqeyinin möhkəmlənməsinə töhfə verməyəcək, həm də Qərb ölkələri ilə yeni əlaqələr qurmaq istəyən inkişaf etməkdə olan bütün ölkələr üçün stimul olacaqdır.
Türkiyəli analitik qeyd edib: “Türkiyə coğrafi mövqeyinə və iqtisadi çəkisinə görə Avropa və Asiyanı birləşdirən mərkəz kimi tanınmağa çalışır. Ankaranın BRICS-ə daxil olması ehtimalına məhz bu prizmadan baxmaq lazımdır”.
AVİM-in analitiki xatırladıb ki, hazırda dünyanın bir çox ölkəsi BRICS-ə qoşulmağa maraq göstərir: “Yalnız 2024-cü ildə Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və BƏƏ bu təşkilata üzv olub. BRICS platforması zəngin təbii ehtiyatlara, böyük bazarlara, güclü ticarətə və işçi qüvvəsinə malik dövlətləri birləşdirir. Təşkilata üzv ölkələrin əhalisi artıq bəşəriyyətin ümumi əhalisinin 45-50 faizinə çatır”.
Yalçın 2014-cü ildə yaradılmış Yeni BRICS İnkişaf Bankını inkişaf etməkdə olan ölkələrin tərəqqisini stimullaşdırmaq, bu beynəlxalq strukturun əhəmiyyətini artırmaq və yeni qlobal iqtisadi tərəfdaşlığın əsasını təşkil etmək üçün mühüm vasitələrdən biri adlandırıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara