ELM VƏ TƏHSİL
Türkiyəli professor AzMİU-nun müəllim və tələbələri ilə fikir mübadiləsi aparıb




Bakı, 4 oktybar, AZƏRTAC
“Orhun” mübadilə proqramı çərçivəsində Türkiyənin Ege Universitetinin Peyzaj Memarlığı bölümünün professoru Adnan Kaplan Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, professor Adnan Kaplan Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasında iki həftə müddətində staj keçib, bakalavr və magistrantlarına memarlıq layihələndirilməsi, şəhərsalma, landşaft memarlığı, memarlıq kompleksləri fənlərini tədris edib. Adnan Kaplan, həmçinin memarlıq və şəhərsalma ixtisasları üzrə fənn proqramları ilə tanış olub, tələbə və müəllimlərlə fikir mübadiləsi aparıb.
Türkiyəli professor ABŞ-ın “Fullbright” proqramı çərçivəsində AzMİU-da tədris aparan müəllimlərlə birlikdə Şəhidlər xiyabanını, “İçərişəhər” dövlət tarix-memarlıq, “Qobustan” milli tarixi-bədii və “Atəşgah məbədi” dövlət tarix-memarlıq qoruqlarını ziyarət edib. Onlar, həmçinin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərini gəzib, orada yerləşən tarixi memarlıq abidələrini ziyarət edib, bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.