TÜRKİYƏNİN AZƏRBAYCANDAKI SƏFİRİ HÜSEYN AVNİ QARSLIOĞLUNUN ÇIXIŞI
-Hörmətli Prezident!
Hörmətli Baş nazir!
Hörmətli Milli Məclisin sədri, nazirlər!
Hörmətli xanımlar və cənablar!
Dəyərli qonaqlar və mətbuat nümayəndələri!
Bu gün çox həyəcanlıyam. Bu gün Azərbaycan-Türkiyə əlaqələrində yeni bir tarix yazılır. Dünya tarixində önəmli dönüm nöqtələri olur. Amma bunların şəxsən şahidi olmaq hər kəsə nəsib olmur. Azərbaycanın tarixindəki ilk müstəqillik günlərinin şahidi ola bilmədik. Ancaq Allaha şükürlər olsun ki, müstəqilliyini, istiqlalını yenidən qazanmasının hamımız şahidi olduq. İnşallah, bu, əbədi davam edəcəkdir.
Hörmətli Cümhurbaşqanı!
Hörmətli Baş nazir!
Azərbaycanın Türkiyədəki səfiri İbrahim Əbilov, - qızları buradadır, - 1921-ci ilin oktyabrında etimadnamə məktubunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Kamal Paşaya təqdim edərkən səmimi çıxış etmiş və demişdir ki, “Rusiyada baş verən inqilabdan sonra əsarətdən qurtulan və muradlarına nail olan azəri türkləri bir vücud kimi türk xalqının sevincini öz sevinci və matəmini öz matəmi hesab edərək, sona qədər Türkiyənin və bütün Şərq aləminin xilas olması, müstəqil olması üçün əziz övladlarını qurban verməkdən vaz keçməyəcəkdir. Azərbaycan türkləri lazım gələrsə, canları ilə Türkiyənin qurtuluşuna dəstək verəcəklər”. Bu ifadələr, əslində, o dövrün Azərbaycan rəhbərliyinin Türkiyəyə baxışını və Azərbaycanda mövcud olan ab-havanı göstərirdi. Bu, əlaqələrin inkişafında, dərinləşməsində önəmli bir nümunədir. 86 il əvvəl yaşanan bu duyğuları ümummilli lider Heydər Əliyev bizə təkrarən yaşatdı və oğlu cənab İlham Əliyev bunu yaşatmaqda davam edir. Sağ olsun.
Mustafa Kamal Paşa həmin mərasimdə Azərbaycan Şura Hökumətinin təmsilçisi İbrahim Əbilovun çıxışına eyni səmimiyyətlə cavab vermiş və tarixi çıxış etmişdir. Bir az əvvəl keçirilən Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumunda Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğanın vurğuladıqları və icazənizlə, dəyərli qonaqların qarşısında təkrar dilə gətirəcəyim “Azəri türklərinin dərdləri öz dərdimiz, sevincləri öz sevinclərimiz” olduğu üçün, onların muradlarına nail olmaları, azad və müstəqil yaşamaları bizi çox sevindirir. Bu, çox gözəl bir duyğu idi.
Azərbaycan təmsilçisi İbrahim Əbilov etimadnaməsini təqdim etdikdən bir neçə gün sonra, Azərbaycanın Ankarada təmsilçiliyinin açılışı oldu. Azərbaycanın bayrağını isə Mustafa Kamal Paşa qaldırdı. Mustafa Kamal Paşa orada tarixi bir çıxış etdi. Böyük Millət Məclisinin sədri kimi Azərbaycan bayrağını qaldırmaq vəzifəsi ona verildiyinə görə təşəkkür etdi və dedi ki, Türkiyə və Azərbaycan arasındakı səmimi əlaqələrin, qardaşlığın səviyyəsinin izah olunmasına heç bir lüzum yoxdur.
Hörmətli Cümhurbaşqanı!
Hörmətli Baş nazir!
Zati-aliləri, bugünkü açılış mərasiminin sonunda, fərqli bir dövrdə, tarixi yenidən yaşamaq və tarixin səhifələrini vərəqləyərək eyni qaydada Türkiyənin bayrağını qaldırmağınızı xahiş edirəm.
Təşəkkür edirəm. Sağ olun.
X X X
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mərasimdə nitq söylədi.